“Kiçik” ABŞ səfirliyi 2019-cu ildə Qüdsdə açılacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib.Öz növbəsində, Netanyahu səfirliyin köçürülməsi üçün Trampa təşəkkür edib.
“Bu tarixi qərar xalqımızın ürəyində həmişəlik qalacaq”, - Netanyahu vurğulayıb.
Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. İsrail Qüdsü özünün “vahid və bölünməz” paytaxtı hesab edir. Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.
Dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısında Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınıb.
Fələstinlilər ənənəvi beynəlxalq hüququn bazasında İsraillə münaqişənin nizama salınmasına nail olmaq istəyir. Fələstin paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində dövlətin yaradılmasına çalışır.
Qeyd edək ki, yanvarın 19-da “Nyu York Tayms” nəşri diplomatik mənbələrə istinadən ABŞ-ın Təl-Əvivdəki səfirliyininin 2019-cu ildə Qüdsə köçürüləcəyini yazmışdı.
Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı planı artıq hazırlayıb. Mənbələrin sözlərinə görə, səfirliyin Qüdsə köçürülməsi prosesinin sürətləndirilməsi Trampın reytinqinə müsbət təsir göstərə bilər.
İsrailin baş naziri Benyamin Netanyahu isə bundan iki gün əvvəl ABŞ-ın İsraildəki səfirliyini 2018-ci ildə Qüdsə köçürəcəyini bildirmişdi.
Bir ay əvvəl isə Amerika mətbuatı məsələ ilə bağlı ABŞ-ın dövlət katibi Reks Tillersonun fikirlərini dərc edib. Dövlət katibinin sözlərinə görə, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi 3 ildən tez olmayacaq.