Bu gün AŞPA-da “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azad Demokratlar Qrupu adına Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva çıxış edib.
Qaziler.az bildirir ki, regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün terrorizm təhlükəsinin aradan qaldırılması çox vacibdir deyən Q.Paşayeva qurumu terrorla mübarizədə Türkiyədə dəstək göstərməyə çağırıb: “Mən Türkiyədə dəfərlərlə olmuşam. Türkiyə-Suriyasərhədində regionlara səfər etmişəm. Mən qaçqın düşərgələrinə baş çəkib, terror təşkilatlarının əlindən birbaşa əziyyət görmüş insanlarla söhbət etmişəm. Bilirəm ki, bu insanlar Avropa Şurasından dəstək gözləyirlər. Avropada insan haqlarının qoruyucusu olaraq AŞPA bu insanlıq faciəsinə diqqət yetirməlidir. Türkiyə Avropa Şurasının təsisçi-üzvü olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və terrordan əziyyət çəkmiş mülki vətəndaşların fundamental hüquqlarını qorumaq məqsədilə addımlar atmışdır. Bu kontekstdə Türkiyə hərbi qüvvələrinin "Zeytunbudağı" adı altında həyata keçirdiyi əməliyyatlar Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək, regionda terror təhlükəsini neytrallaşdırmaq və bununlada regionda yaşayan mülki vətəndaşları terror hücumlarından və hədələrindən qorumaq məqsədi daşıyır. Bundan başqa "Zeytunbudağı" əməliyyatı Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarına uyğun başlanılmışdır. Bu kontekstdə BMT-nin terrorizm əleyhinə bir sıra qərarları və BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi Türkiyənin müdaxiləsinə haqq qazandırır. Suriyada PYD/YPG-nin məqsədi İŞİD-ə qarşı mübarizə aparmaq deyil, əraziləri işğal etmək və öz xeyirlərinə demoqrafik vəziyyəti dəyişməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq idi. Türkiyə YPG və İŞİD tərəfindən həyata keçirilən terror hücumlarından çox əziyyət çəkib. Bu terror hücumları çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. Ümid edirəm ki, Türkiyənin həyata keçirdiyi əməliyyat Suriyanın şimalına sülh və sabitlik gətirəcək və regionda yaşayanlar yenidən alçaq terror hücumlarına məruz qalmayacaqlar”.