Millət vəkili Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Ermənistanın törətdiyi vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.
Trend-in məlumatına görə, bu gün AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmə fotolarını, Ermənistanın onlara qarşı göstərdiyi vəhşiliyi nümayiş etdirən fotoları nümayiş edib və Nazirlər Komitəsi qarşısında Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi və beynəlxalq çağırışlara da məhəl qoymayaraq azad etmədiyi Diqəm Əsgərov və Şahbaz Quliyev məsələsini və rəsmi İrəvanın AŞPA qətnamələrinə də məhəl qoymayaraq öz evlərinə dönmələrinə izn vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan insan haqlarını qaldırıb və sualla müraciət edib:”Nazirlər Komitəsinin yeni sədri kimi neçə aylardır Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. Bu istqamətdə hansı addımlar atacağınızı gözləyə bilərlər? Eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir öz evlərinə dönə bilmirlər. Bir sədr kimi sizdən də dəstək gözləyən bu insanlara buradan nə söyləmək istərdiniz?”
Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT Mİnsk Qrupunun səlahiyyətləri daxilindədir deyən AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.