Rəsmi rəqəmlərə görə 2017-ci ildə Azərbaycana 2 691 998 nəfər turist səfər edib.
Turistlərdən 853 082 nəfəri Rusiya, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, turist sayının artımı vizual olaraq da yetərincə hiss olunub:
“Məsələ burasındadır ki, Rusiya və Gürcüstan vətəndaşları kimi bura gələnlərin 85-90 faizi soydaşlarımızdır. Qohum-qardaş yanına, toya-yasa gəlirlər, turist deyillər. Hətta buna sübut kimi yaxınlarımı da misal çəkə bilərəm. Belə ki, Gürcüstan vətəndaşlığını alan bir qohumum işilə bağlı ayda4-5 dəfə Azərbaycanda gəlib-gedir. Nəzərinizə çatdırım ki, hər sərhəd keçidi bir nəfər sayılır. Deməli, Gürcüstandan keçən il gələn 537710 nəfərin 50-60-ı elə mənim qohumumdur. Eləcə də sizlərin qohumları. Rusiyadan 853 min turist gəlsəydi hər addımda onları görərdik, amma görmürük. Cəmi 200 min ərəb gəlib, hər yerdə məhz onlar gözə dəyirdi. Yeri gəlmişkən, vizual effekt yaradan əsas faktor odur ki, şəhər əhalisi də, turistlər də Bakıda cəmi 4-5 km ərazidə, şəhər mərkəzində gəzir, dincəlir, məhz buna görə də ərəb turistlər belə çox görünürlər.
Daha bir maraqlı fakt odur ki, 2017-ci ildə Türkiyədən Azərbaycana gələn turist sayında 11 790 nəfər azalma müşahidə edilib. Bu səbəbdən də düşünürəm ki, artıq Türkiyə ilə vizanı tam ləğv etməliyik. Bunu etsək Türkiyədən gələnlərin sayında artım ola bilər”.
“Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi – 2018” reytinqində qeyd olunub ki, Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər.
Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.
Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir. Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır. Bu ölkənin pasportu ilə dünyanın 177 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilər. Üçüncü yeri Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya bölüşüb. Bu ölkələrin pasportu ilə 175 ölkəyə vizasız getmək olar.
Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.