ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Adrian Rankin-Qollivay deyib.“Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, - o bildirib.
Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.