Kreml qarşıdakı illərdə kəskin maliyyə defisiti və sürətlə böyüyən “büdcə yırtığı” ilə qarşılaşa bilər
Suriya böhranı beynəlxalq maraq toqquşmasının “düyün nöqtələri”ndən biridir. Dünyanın nəhəng gücləri məhz bu coğrafi məkan üzərindən bir-birinə hərbi-siyasi təzyiq göstərirlər.Son vaxtlara qədər Suriyada superdövlətlər güzəştsiz mübarizə aparırdılar. Öz hərbi-siyasi rəqiblərini bu coğrafi məkandan sıxışdırmağa çalışırdılar. Və bu proses bir qədər səngisə də, əhəmiyyətini itirməyib və hələ də davam etməkdədir.
Ancaq bir müddət öncə bu hərbi-siyasi savaş məkanında qüvvələr nisbəti bir qədər dəyişib. Halbuki bu dəyişikliyi hələlik siyasi keyfiyyət deyil, yalnız məhz hərbi kəmiyyət baxımından təsdiqləmək mümkündür.
Məsələ ondadır ki, ötən ilin sonlarında Rusiya Suriyadakı qoşunlarını çıxartmaq qərarı verdi. Və bu proses artıq başlayıb.
Pentaqonun Kremlə ironik eynamı...
Kremlin bu qərarından dərhal sonra prezident Vladimir Putin Suriyaya rəsmi səfərə gedərək, ölkəyə qaytarılacaq Rusiya hərbçiləri qarşısında çıxış etdi. O, iddia etdi ki, Rusiya Suriya ərazisində terrorçuluqla mübarizədə böyük hərbi qələbə qazanıb. Ona görə də rus hərbçilərin Suriyadakı missiyası yekunlaşdığından artıq onlar vətənə dönə bilərlər.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi iddiasına görə, rus hərbçilər Suriyada 35 min terrorçunu məhv ediblər. Buna dərhal reaksiya verən Pentaqon isə Suriyada hələ də 3 mindən artıq terrorçunun mövcud olduğunu ironik şəkildə vurğulayıb.
Yəni Pentaqon eyham vurub ki, Suriyada terrorizm üzərində Rusiyanın “parlaq qələbəsi” barədə lovğa iddialar tamamilə yersizdir. Çünki 3 min terrorçu vahid coğrafi və hərbi-siyasi məkanda kifayət qədər ciddi problemdir. Üstəlik, artıq sərbəstlik qazanmış bu terrorçu kontingentin yenidən toparlana və sayını artıra biləcəyi də qətiyyən istisna deyil.
Ancaq prezident V.Putin terrorçuların yenidən fəallaşacaqları təqdirdə, Rusiya qoşunlarının yenidən geri dönəcəyini də vəd edib. Hətta o, terrorçuları və onların beynəlxalq himayədarlarını sarsıdıcı zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıqla hədələməkdən də özünü saxlaya bilməyib.
Halbuki Kreml sahibinin bu hədələri artıq kimsəni narahat etmir. Çünki axar çayda bir dəfə girilən suya ikinci dəfə girmək mümkün deyil. Yəni Rusiya qoşunlarının buna qədər mövcud olmuş kəmiyyətdə yenidən Suriyaya girə biləcəyi artıq qətiyyən inandırıcı görünmür.
Məyus rusların “parlaq qələbə” haqqında lovğa bəyanatları...
Əslində, elə ruslar da bu reallığı çox gözəl anlayırlar. Ona görə də, Rusiyanın siyasi dairələrində bu məsələ ətrafında kifayət qədər ciddi məyusluğun olduğu müşahidə edilir.
Əslində, bu məyusluq müəyyən mənada başa düşüləndir. Ruslar terrorçular üzərindəki “parlaq qələbə”dən nə qədər lovğa bəyanatlar versələr də, əslində, yekun nəticə dəyişməz qalmaqdadır. Yəni iddia olunan “parlaq qələbə” Rusiyaya demək olar ki, heç nə vermir. Suriyanı tərk etməklə isə Rusiya dünyanın ən önəmli “hərbi-siyasi tamaşa” arenasındakı rolunu demək olar ki, tamamilə itirmək üzrədir.
Halbuki vaxtilə ruslar Suriyaya qoşun yeritmək üçün dəridən-qabıqdan çıxırdılar. Və bunu Rusiyanın beynəlxalq supergüc statusu qazanmasının əsas faktorlarından biri hesab edirdilər.
Hətta bu məqsədə nail olmaq üçün Kreml Ağ Evlə açıq siyasi qarşıdurmadan belə, çəkinmirdi. Və sonunda öz istəyinə nail olaraq, Suriyaya Bəşər Əsəd cinahından girən ruslar ABŞ və Qərbin beynəlxalq siyasi iradəsi üzərində zəfər qazandıqlarını elan etməkdən məmnun idilər.
Təbii ki, ruslar “siyasi zəfər başgicəllənməsi” yaşadıqları həmin tarixi periodun real həqiqətləri tamamilə fərqli idi. Hələ o zaman yazmışdıq ki, ABŞ və Qərb son nəticəsini və mənfəətini zərgər dəqiqliyi ilə hesablamadan kimsəyə rahat nəfəs aldırmaz. Yəni ABŞ və Qərbin rusların Suriyaya girməsinə susqunluqla seyrçi qalması olduqca müəmmalı xarakter daşıyırdı. Belə anlaşılırdı ki, ABŞ və Qərb açıq etiraz etmirsə, deməli, bu, ruslara qeyri-rəsmi icazənin verilməsi deməkdir. Və səhnəarxasında hansısa hiyləgər oyun oynanılır.
O zaman biz bu oyunu “rusların Suriyada hərbi-siyasi bataqlığın içinə çəkilməsi” kimi şərh etmişdik. Son hadisələr göstərir ki, bu proqnozumuz böyük ölçüdə özünü doğruldur.
Rusiyanın “Suriya bataqlığı”nda batan milyardları...
Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanın maliyyə-iqtisadi durumunu ən asından ruslar qədər yaxşı bilirdi. Qərbdə şübhə etmirdilər ki, Rusiya “Suriya bataqlığı”nda uzun müddət tab gətirə bilməz. Və bir mərhələdən sonra həmin bataqlıqda batar, boğular, sonra da hər şeyi rəqiblərinin ixtiyarına buraxıb, qaçar. Üstəlik, qaçsa belə, o qədər zəif düşər ki, bir daha toparlanıb, özünə gəlməsi uzun bir zaman alar.
Rusiyanın maliyyə dairələrinin son açıqlamalarına istinad etsək, ABŞ və Qərbin öz hədəfinə çatdığı qənaətinə gəlmək olar. Çünki həmin açıqlamalarda Rusiya üçün qarşıdakı illərdə maliyyə defisitinin daha da kəskinləşəcəyi, sürətlə böyüyən “büdcə yırtığı”nın yamanmaz hala gələcəyi vurğulanır. Və Rusiyanın maliyyə-iqtisadi gələcəyi ilə bağlı olduqca pessimist proqnozlar yer alır.
Təbii ki, gələcəyə yönəlik belə pessimist proqnozların səbəbləri sırasında Rusiyanın “Suriya bataqlığı”na batması da olmamış deyil. Ən azından ona görə ki, Rusiyanın onsuz da ciddi beynəlxalq sanksiyalarla boğuşan maliyyə-iqtisadi sektoru üstəlik, paralel olaraq, “Suriya bataqlığı”nın da yükünü çəkməli oldu.
Belə görünür ki, Kreml hərbi əməliyyatlara xərclədiyi milyardlarla dolları bombaya, raketə çevirib, “Suriya bataqlığı”na tullayanda, bunun əvəzində nə ala biləcəyini hesablamağı unutmuşdu. Çünki müavinətinin məbləğinin artırılacağı günü səbirsizliklə gözləyən rus “pensioner”in “ağzından kəsilib”, bataqlığa atılan milyardların geri dönüş variantı mövcud deyil.
Rusiyanın kosmik qoşunları hansı “kosmik düşməni və ya hədəfi” məhv etdi?
Bütün bunları nəzərə aldıqda, Kremlə yaxın siyasi dairələrdə lovğalıqla “parlaq qələbə” kimi təqdim edilən “rusların Suriya yürüşü”nün əslində, böyük siyasi və maliyyə-iqtisadi məğlubiyyətlə nəticələndiyi ortaya çıxır. Və məhz bu məğlubiyyətin Rusiyanı tamamilə çökdürməməsi üçün Kreml son ümidini Suriyadan qaçmaq variantına bağladı.
Əks halda, Rusiya üçün nəticələr indikindən də daha katastrofik ola bilərdi. Çünki Kreml Suriyaya adi qoşun növlərini göndərməmişdi. Oradakı hərbi kontingent Rusiyanın ən elitar və bahalı Hərbi-Kosmik Qoşunlarına aid idi.
Halbuki bunun özü də təəccüb doğura biləcək bir seçimiydi. Çünki guya yadplanetlilərlə və yaxud da beynəlxalq hərbi rəqiblərin analoji qoşunlarıyla kosmik məkanda savaşmaq məqsədilə yaradılmış bu elitar hərbi gücün “Suriya bataqlığı”nda terrorçuların üzərinə göndərilməsi, onsuz da qəribə görünən hərbi hədəfin kiçildilib, əhəmiyyətdən salınmasından başqa bir şey deyildi.
Hər halda, Rusiyanın hərbi-siyasi dairələri həmin elitar hərbi kontingentin Suriyada hansı “kosmik düşməni və ya hədəfi” məhv etdiyini izah edə bilməzlər. Bunun əvəzindəsə, Kreml yalnız Rusiyanı deyil, elə kosmik qoşunlarını da “kosmosdan endirib”, “Suriya bataqlığı”nda batırmış oldu.
Elçin XALİDBƏYLİ,
Musavat.com