Rusiyadan yeni müharibə XƏBƏRDARLIĞI: “ABŞ cini şüşədən çıxardı”

Rusiyadan yeni müharibə XƏBƏRDARLIĞI: “ABŞ cini şüşədən çıxardı” backend

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç ABŞ-ın Rusiya hərbi bazalarına hücumuna dair açıqlama verib.

Publika.az xəbər verir ki, köməkçi ABŞ-ın hiylə işlətdiyini dilə gətirib: “Pentaqon sözçüsünün Rusiyanın Suriyadakı hərbi bazalarına hücumlarda istifadə edilən texnologiyaların asan əldə edilə biləcək növdən olduğu barədə açıqlaması pilotsuz təyyarələri sadəcə fotolardan və televiziya ekranlarından tanıyan insanlar üçün bir yalandır. Mütəxəssislər isə bunun hiylə olduğunu çox yaxşı bilir. Sabah ABŞ-da biri atom bombasının sərbəst satışda olduğunu desə, təəccüblənmərəm.

Hücumdakı pilotsuz təyyarələrin mütəxəssislər tərəfindən idarə edildiyinə əminəm. Terrorçular bunun öhdəsindən gələ bilməzdi. Bu bölgədə kəşfiyyat təyyarələrinin 4 saatdan çox uçuş etməsi normal hal deyil. Ona görə də ABŞ-ın gizli xidmət agentliklərinin bu işdə əli olduğundan əminəm. Məsələ başqadır. Terrorçulara birbaşa və ya vasitəçilərlə texnologiyalar verən ABŞ cini şüşədən çıxardı. Texnologiya pul deyil ki, alınandan sonra geri qaytarılsın”.

Qeyd edək ki, yanvarın 6-da gecə Hmeymim və Tartus bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum cəhdi olunmuşdu.
Diaspora