Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı şok detallar üzə çıxıb.
Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı hücumların Bəşər Əsəd rejiminə yaxın qrup tərəfindən həyata keçirildiyini bildirib.Xatırladaq ki, hərbi bazaya hücum 2017-ci il dekabrın 31-də edilib. Bazaya hücum haqqında xəbər yanvarın 3-də yayılıb. “Kommersant” qəzeti iki hərbi-diplomatik mənbəsinə istinadən Hmeymimdə 7 təyyarənin – 4 Su-24 bombardmançısı, 2 Su-35S qırıcısı və AN-72 nəqliyyat təyyarəsinin məhv edildiyini bildirdi. Qəzetin həmsöhbətləri əlavə ediblər ki, 2 hərbi qulluqçu ölüb, 10-dan çoxu yaralanıb.
Rusiya Müdafiə Nazirliyi hücum faktını təsdiqləsə də, 7 təyyarənin məhv edilməsi barədə informasiyanı təkzib etdi. Nazirlik yalnız 31 dekabrda uçuş zamanı Mİ-24 helikopterinin texniki nasazlıq səbəbindən qəzaya uğradığını və 2 pilotun həlak olduğunu açıqladı. Bir gün sonra isə nazirlik helikopterə atəş açıldığını təsdiq etdi.
Yanvarın 4-də hərbi müxbir Roman Saponkov təyyarə bazasına hücum vaxtı zədələr almış Su-24M bombardmançısının şəkilini dərc etdi. Onun sözlərinə görə, başqa hərbi texnika da zərər çəkib.
Yanvarın 6-da axşam saatlarında Hmeymim aviabazasına yeni hücum olub. Terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4" Telegram-kanalı məlumat yayıb ki, Rusiya hərbçiləri tərəfindən hərbi bazaya hücum edən bir neçə dron vurulub.
Hucumlarla bağlı müxtəlif versiyalar səsləndirilir. Msələn, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin birinci müavini Frans Klinseviç hücum aktının İŞİD-in adından Amerika xüsusi təyinatlılardan kiminsə rəhbərliyi altında həyata keçirildiyini istisna etmir. Onun sözlərinə görə, söhbət yüksək təlim alan mobil diversiya qrupundan gedir.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin İŞİD terror qruplaşmasının məhv edilməsi haqqında bəyanatından sonra ABŞ xüsusi xidmət orqanları “alətlər dəsti”ni bərpa etmək üçün aktivləşib. Senator əminliyini ifadə edib ki, amerikalılar bundan sonra da vəziyyətdən istifadə etməyə çalışacaqlar.
Bundan başqa, “Əl-Qaidə” terror təşkilatı və onunla bağlı qruplaşmaların hücum ehtimalı irəli sürülür.
Lakin, Taha Dağlı hesab edir ki, hücumu terror təşkilatları həyata keçirsəydilər, ruslar bunu ilk gün elan edərdilər.
“Daha əvvəl Hələbdəki Rusiya xəstəxanasına hücumda da bənzər hal yaşanmışdı. Rusiya “Əl-Qaidə”nin hücumu ilə bağlı peyk görüntülərini yaymış və hücumun təşkilində ABŞ-ı günahlandırmışdı. Amma hadisə bu dəfə fərqlidi. “Əl-Qaidə” və onunla bağlı qruplar bu hücumda yer almayıblar”, - Taha Dağlı yazıb.
Araşdırmalar hücumun Rusiya istehsalı və 6 kilometr mənzilli minaatanla həyata keçirildiyini ortaya çıxardı. Ətraf ərazilər isə Rusiya və Bəşər Əsəd rejiminin nəzarəti altındadır. Araşdırmalar hücumun arxasında heç bir müxalif qrupun dayanmadığını göstərdi. Bütün ipuçları və əldə edilən məlumatlar yeni formalaşmış bir qrupu göstərir. Sözügedən silahlı qrupun Bəşər Əsəd rejiminin içindən çıxan və tamamilə nuseyrilərdən ibarət olan qrup olduğu təxmin edilir.
Məlumata görə, rusların tələbindən sonra Dəməşq dərhal hərəkətə keçib. Suriya ordusunun Baş qərargahı silahlı qüvvələrin bütün bölmələrinə məktub göndərərək Hmeymimə hücum edən və yeni qurulan qrupun təcili şəkildə tapılmasını tələb edib.