“ABŞ bütün müsəlman dünyası ilə mübarizə aparacaq gücə malikdir”
ABŞ prezidenti son günlər Türkiyə, İran, Fələtinlə yanaşı, Pakistanın da ünvanına ciddi ittihamlar səsləndirib, bu ölkəyə maliyyə yardımını dayandıracağını bildirib.Az qala bütün islam dünyasını hədəf alan ABŞ-ın bütün müsəlman dünyası ilə mübarizə aparmaq gücü varmı? Amerikanın bu mübarizədən ziyanlı çıxması ehtimalı nə dərəcədə böyükdür?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Rəşidoğlu ABŞ-ın bütün müsəlman dünyası ilə mübarizə aparacaq qədər böyük gücə sahib olduğunu vurğuladı:
“Hələlik birqütblü dünyada yaşayırıq və ABŞ-ın belə gücü var. Yaxın Şərqdə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Həm də bu müsəlman əhalisi ayrı-ayrı məzhəb daşıyıcıları olduğundan prosesə din qatqısı da əlavə olunur. Bu da region əhalisinin özünün məhz dini yox, qlobal proseslərin siyasi oyunçusuna çevrilməsini təmin edir. Yəni, bölgədə məzhəb savaşına qoşulanlar özləri də bilmədən qlobal güclərin yanında yer almış olurlar. Bu proseslər ideoloji yox, geosiyasi və geoiqtisadi maraqlar fonunda əhəmiyyət kəsb edir. Yəni qlobal güclərin orbitində olan dövlətləri dini-ideoloi maraqlar yox, strateji ölçülü geosiyasi və geoiqtisadi maraqlar şirnikləndirir.
Vaşinqonun hədəfində nüvə silahına malik olan Pakistanı məhv etmək, Türkiyəni parçalamaq, İran ərazisində etnik savaşa nail olmaq durur. İranda rejim devrilərsə, milli və dini zəmində başlayacaq savaş bölgəni, o cümlədən Azərbaycanı öz ağuşuna ala bilər. Lakin İranda hazırda mühafizəkar qüvvələr kifayət qədər güclüdür və istənilən etirazları yatırda bilirlər. Sosial narazılıqlar isə artmaqdadır. Bu isə o anlama gəlir ki, dəyişikliklər labüddür.
İran elitasında ciddi parçalanma var və odur ki, ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər də mövcuddur. Vaşinqtonun dəstəyi ilə Səudiyyə bölgədə yeni savaş - İrana hücum niyyətindədir. Tehran bu savaşda maraqlı deyil. İraqla 8 il davam edən savaş İran üçün fəlakət oldu. İran yeni-yeni bərpa olub. Hazırda elmini, sənayesini, iqtisadiyyatını inkişaf etdirir. Lakin burada bir məqam da mövcuddur. İran ordusu Səudiyyə ordusundan güclüdür. İranla savaş Səudiyyənin sonu anlamına gələ bilər. İran və “Hizbullah” Səudiyyənin yuxusunu qaçıran bir qüvvədir. Səudiyyəni İrana qarşı savaşa təhrik edən Vaşinqtonun niyyəti başqadır. Səudiyyənin şərqində yüz minlərlə şiə yaşayır və onlardan hələ istifadə edilməyib. Şiə İrana qarşı savaş Səudiyyənin parçalanması anlamına gəlir”.