Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib backend

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılması çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynamışdır. Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu nurlu bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"
Diaspora