Şərqi Qüds əvəzinə yeni PAYTAXT - ABŞ-dan Fələstinə ŞOK TƏKLİF

Şərqi Qüds əvəzinə yeni PAYTAXT - ABŞ-dan Fələstinə ŞOK TƏKLİF backend

“HƏMAS-a ABŞ-ın fələstinli səlahiyyətlilərə Qüds yaxınlığındakı Əbu Deys şəhərinin paytaxt verilməsi barədə təklif verəcəyinə dair məlumatlar çatıb”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədri İsmail Hәniyyә deyib.

Onun sözlərinə görə, təklifdə qeyd olunub ki, bu şəhər bir körpü vasitəsilə Qüdsdəki Məscid-i Əqsaya bağlanacaq.

İsmail Həniyyə qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı bütün bölgənin yenidən şəkillənməsinə xidmət edir. O qeyd edib ki, qərar bölgənin izlərinin tamamilə dəyişdirilməsi üçün verilib.

İsmail Hәniyyә daha əvvəl - Qəzzada təşkil edilən 11-ci Elmi Qüds Konfransında çıxışında deyib ki, ABŞ-ın Qüdslə bağlı yeni bəyanatlar verə biləcəyi barədə məlumatlar var.

“ABŞ rəhbərliyi İsraili yəhudi dövləti olaraq tanıya, bütün yəhudi məskunlaşma məntəqələrinin Qüdsə aid olduğu və fələstinli qaçqınların geri dönmə haqqının olmadığını açıqlaya bilər. Məlumatlı şəxslərdən bununla bağlı əlimizə çatan informasiyalar var”, - o deyib.

İsmail Həniyyə sözügedən “məlumatlı mənbələr” haqqında isə hər hansı bir məlumat verməyib.


Fələstinin daxili problemlərinin həll edilməsi və sülh prosesinin əhatəli şəkildə nəzərdən keçirilməli olduğunu ifadə edən Həniyyə Fələstin rəhbərliyindən Oslo müqaviləsi ilə bağlı dəqiq mövqe nümayiş etdirməsini tələb edib.



Xarici KİV-in yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasın ABŞ tərəfindən hazırlanan İsrail-Fələstin sülh planına razı olması üçün əlindən gələni edir. Məlumata görə, vəliəhd sülh prosesində ABŞ-ın rəqibsiz olduğunu iddia edərək, Mahmud Abbası da məkrli sülh planına daxil etməyə çalışır. Bunun üçün şahzadə Fələstin liderini Livandakı fələstinlilərlə təhdid edib.

Şahzadə Salman Mahmud Abbasdan Livandakı fələstinlilərin Hizbullah tərəfindən dəstəklənən düşərgədən uzaqlaşaraq, Ər-Riyadın dəstəklədiyi düşərgə ilə ortaq hərəkət etmələrini tələb edib. Abbas tələb olunanı etməyəcəyi halda isə lazımı addımları başqalarının ("Fəth" təşkilatının lideri Məhəmməd Dəhlan) atacağı ilə təhdid edilib.

Lakin Mahmud Abbasın bütün təzyiqlərə baxmayaraq, ABŞ və İsrail tərəfindən hazırlanan sülh planına razı olmadığı bildirilir. Mahmud Abbas 1967-ci il sərhədləri çərçivəsində və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının yer almadığı heç bir planı qəbul etməyəcəyini açıqlayıb.
Diaspora