Millət vəkili Şuşa ilə bağlı çağırış etdi

Millət vəkili Şuşa ilə bağlı çağırış etdi backend

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı çağırış edib. Lent.az-ın məlumatına görə, Malatya Kitab Fuarına kitablarının tanıtımı və imzalanması üçün qonaq kimi dəvət edilən Qənirə Paşayeva yüzlərlə türkiyəli və xarici yazarın iştirak etdiyi Kitab Fuarı konfrans salonunda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma erməni soyqırımı ilə bağlı geniş konfrans verib.

Tədbirdə iştirak edənlər arasında türk dünyasının məşhur yazarı Çingiz Aytımatovun oğlu Əsgər Aytımatov da daxil olmaqla türk dünyasının bir çox ziyalıları da iştirak edib. Yüzlərlə insanın, KİV nümayəndələrinin və xaricilərin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib. O, Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirdi və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd etdi: “Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, –deyib.

Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”.

Şuşanın 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: “Harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”

Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.

Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib..“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya İsmayılova, bu bölgədə təhsil alan tələbələr də iştirak edib və böyük maraq göstəriblər. Tədbirin sonunda GAP Qəzetəciler birliyi millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərini bütün dünyada yaydığı üçün təşəkkürünü bildirib və ona mükafat və bölgəni təmsil edən material və hədiyyələr təqdim edib.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmləri, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxlu material və kitablar təqdim olunmuş və millət vəkili gəncləri maraqlandıram sualları geniş cavablandırmış və fikir mübadiləsi aparılıb.
Diaspora