ABŞ-da fəaliyyət göstərən “RAND Corporation” analitik mərkəzi Rusiya Silahlı Qüvvələrinin sahib olduğu imkanları göstərən bir hesabat hazırlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hesabata görə, dünyanın ən böyük ölkəsi Rusiyanı ələ keçirmək mümkün deyil.ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 1950-ci illərdən bu yana milli təhlükəsizlik mövzularında məsləhətçilik edən “RAND Corporation” bir çox media qurumları və analitik mərkəzlərdən fərqli olaraq hesab edir ki, Rusiyanın Baltik ölkələri, ya da Şərqi Avropaya hücum etmək niyyəti yoxdur.
“Rusiyanın hərbi imkanları, ordusunun quruluşu və fasiləsiz həyata keçirilən təlimlər ölkənin rəsmi hərbi doktrinası ilə üst-üstə düşür. Doktrinaya görə, ordu qlobal səviyyədə güc nümayişi etmək üçün deyil, ölkənin suverenliyini müdafiə üçün öz hazırlığını yüksəldir”, - hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, rusların hər şeydən çox, havadan konvansionel (kütləvi qırğın sılahlarına daxil olmayan adi silah növləri –red.) həssas silahlarla həyata keçiriləcək hücumlardan, NATO-nun dünya sularında havadan müdafiə sistemlərini inkişaf etdirməsindən və NATO-nun Rusiya sərhədlərində yeni bazalar qurmasından narahatdır.
“Rusiya son illərdə bu təhlükələrlə mübarizə qabiliyyətini artırmaq üçün hərbi güclərinə böyük sərmayə qoyub. Xüsusilə, dünyanın ən qabaqcıl raket hücumundan müdafiə sistemlərindən biri (söhbət S-400 zenit-raket sistemlərindən gedir –red.) Rusiyanın əlindədir”, - mərkəzin ekspertləri qeyd edirlər.
RAND analitikləri son 10 ildə Rusiya ordusunun köhnə sistemdən qurtularaq, indi daha kiçik, lakin daha təsirli və hər an döyüşə girməyə hazır olan bir orduya çevrilməsinə diqqət çəkiblər. Bildirilir ki, quru və desant gücləri, həmçinin dəniz piyadalarına aid təxminən 60 alay və batalyon var:
“Hər alay və batolyon peşəkar muzdlu hərbçilərin olduğu bir və ya iki taktik qrup yarada bilərlər. Bu qruplar daim müharibəyə hazır vəziyyətdə saxlanılırlar. Kiçik, lakin peşəkar və qabaqcıl elit qoşunlardan istifadə etmək Rusiya Silahlı Qüvvələrini önə çıxaran xüsusiyyətdir”.
RAND ekspertlərinin fikrincə, Moskva 2000-ci ilin ortalarından etibarən nüvə silahını tətbiq etmədən strateji missiyanı yerinə yetirə biləcək uzunmənzilli konvensionel silahlarını aktiv şəkildə inkişaf etdirir.
Hərbi doktrinaya görə, Rusiya bir ölkə kimi məhv olma təhlükəsi qarşısında qaldığı zaman kütləvi qırğın silahlarından istifadə edə bilər. Məsələn, Kalininqrad və ya Moskva bölgəsindəki hava hücumundan müdafiə sistemləri məhv edilərsə, yaxud da Rusiyanın quru qüvvələri ciddi itkilər verərsə, hərbi doktrina nüvə silahından istifadəyə icazə verir. Ruslar raket sistemləri və strateji qüvvələrinin komanda mərkəzinə edilə biləcək hücumlardan narahatdır. SSRİ dövrü ilə müqayisədə raket hücumundan xəbərdarlıq sistemlərinin kosmik komponenti olduqca zəifdir. Ruslar xəbərdarlıq sisteminin peyk qrupunu 2020-ci ildən sonra yeniləməyi planlaşdırırlar, həmin vaxta kimi isə qurudakı radar sistemlərinə etibar etmək məcburiyyətindədirlər. Bu isə ABŞ-ın nüvə hücumuna reaksiya vermə müddətini uzadır.
Hesabatda qeyd edilir ki, Kreml Rusiyaya müdaxilənin qaçılmaz olduğu qənaətinə gələrsə, qabaqlayıcı zərbənin vurulması barədə qərar verə bilər.
“Bu zaman təhlükənin qarşısını başlanğıc nöqtəsində almaq Rusiya üçün olduqca vacibdir. Müharibə nə qədər uzun sürərsə, ordu daha çox zəifləyəcək. Rusların sürətli hərəkət etdiyini başa düşmək üçün Krım, Gürcüstan, Əfqanıstan və Çexoslovakiyanı xatırlamaq kifayətdir. Rusiya hərbi baxımdan bərabər və ya daha güclü bir ölkəyə hücum qərarına gələrsə, üç hədəfi olacaq. Birincisi, Kremlin rəqibin komanda qərargahını və kommunikasiya vasitələrini məhv etmək üçün bütün gücünü işə salacaq. İkincisi, ruslar öz niyyətlərini və məqsədlərini gizlətmək üçün “maskalanma” metodundan geniş istifadə edəcəklər. Üçüncüsü, hücum qarşı tərəfə reaksiya imkanı vermədən maksimum sürətli həyata keçiriləcək”, - mərkəzin analitikləri düşünürlər.
Hesabatda bildirilir ki, ABŞ qoşunları müharibə halında topçu birlikləri və zenit-raket sistemləri daha çox olan bir rəqiblə qarşı-qarşıya qalacaqlar. Qeyd edilir ki, amerikalılar havada üstünlüyü təmin edə bilməsələr, Rusiya artilleriya sistemləri sayəsində üstünlük qazanacaq.
Hərbi-Dəniz Qüvvələrini Rusiya ordusunun əsas elementi hesab etməyən RAND ekspertləri bununla belə hesab edir ki, dəniz qüvvələri quru və hava güclərinə ciddi dəstək verə və bəzi istiqamətlərdə lokal qələbələr qazana bilər.
/publika/