Avropa Məhkəməsinin Laçın ədalətsizliyi

Avropa Məhkəməsinin Laçın ədalətsizliyi backend
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə çıxardığı qərar bir ilk olmasına görə əhəmiyyətli sayıla bilər. Hər halda söhbət Azərbaycan vətəndaşlarının lehinə qəbul olunan qərardan gedir.

Amma məsələ burasındadır ki, illərlə davam edən araşdırmaların nəticəsində Avropa Məhkəməsi belə qərara gəlib ki, Ermənistan 6 şikayətçi-laçınlının hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. İddiaçılar 1992-ci ilin 17 mayında evlərindən zorla qovulan Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Sonuncu iddiaçı artıq vəfat edib...

Təsəvvür edin, Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşı işğalçı Ermənistana qarşı Avropa Məhkəməsinə 6 aprel 2005-ci il tarixlində iddia qaldırıb. Üstündən 12 il yarım keçəndən sonra Məhkəmə onların hüquqlarının pozulduğu qənaətinə gəlib və Ermənistan hökumətinə vaxt verib ki, 3 ay ərzində laçınlı məcburi köçkünlərin kompensasiyasını ödəsin. Ədalət budurmu?

Avropa Məhkəməsi indiyədək Azərbaycan hökumətinə qarşı çoxsaylı iddiaları təmin edib-seçki hüququ, mülkiyyət hüququ, həbs qərarları və s. bağlı. Hələ məhkəmədə nə qədər icraata götürülmüş işlər var. Təbii ki, bu, ayrı söhbətin mövzusudur. Lakin necə olur ki, Azərbaycana qarşı azərbaycanlıların iddialarını məmnunluqla qəbul edib qərar çıxaran, üstəlik Azərbaycan hökumətini daha yüksək məbləğdə cərimələyən Avropa Məhkəməsi yüz minlərlə insanı yerindən-yurdundan edən, saysız cinayətlər törədən, bir ölkənin ərazisini illərdir işğalda saxlayan, sərvətləri talamaqda davam edən Ermənistana cüzi cərimə kəsir?

Hər halda digər məsələlər Ermənistanın təcavüzü nəticəsində həyatı alt-üst olan insanların durumu ilə müqayisədə dəhşətli deyil. Elə isə necə olur ki, Azərbaycandan şikayət edən azərbaycanlılara 10-15 min avro, Ermənistandan şikayət edən azərbaycanlılara isə 5 min avro kompensasiya ödənilməsi qərarı çıxarılır? Doğrudanmı Avropa Məhkəməsinin “ədalət carçıları” o fikirdədir ki, Laçında bir evin qiyməti 5 min avrodur? Əslində bu qərar 25 ildir Laçın nisgili ilə yaşayanlara qarşı həqarətdir.

İddiaçılardan biri, Laçin rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev deyib ki, hər iddiaçı 2 milyonluq maddi ziyan hesablayıbmış, məhkəmə 5 min avro verib.

Tamamilə haqlıdır. Əslində Söhbət puldan getmir. Bu gün laçınlı, şuşalı, kəlbəcərli...hər bir qarabağlı üçün doğma ocağı milyonlardan üstündür. İnsanlar hətta doğma yurdlarında dəfn olunmaq arzusu ilə yaşayır. Təəssüf ki, iddiaçılardan biri, Qara kişi yurd həsrətilə artıq dünyadan köçüb. Amma Avropa hakimlərinə çətin ki, belə duyğular təsir eləsin...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov da deyib ki, hər bir şikayətçiyə 5 min avro həm maddi, həm mənəvi ziyana görə kompensasiya müəyyən etməsi gülüncdür. Avropalı hakim desin, görək 5 min avroya ev qurmaq mümkündürmü? Hələ başqa itkilər bir yana...Amma məsələ burasındadır ki, artıq qərardan şikayət də verilə bilməz.

Ermənistanın işğalı nəticəsində ölkəmizə dəymiş ziyanın məbləği 819,15 milyard (!) dollardır. Bunu Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib. İşğalın zərəri hər gün artır. Qarabağdakı sərvətlər daşınır, əkin yerlərindən düşmən istifadə edir...Avropa Məhkəməsinin qərarı isə yüz milyardların yanında heç nədir.

Başqa bir məqama diqqət çəkək. Avropa Məhkəməsi erməniləri küsdürməmək üçün bilirsinizmi nə edib? Artıq erməni mediası bu xəbəri tirajlayıb. Belə ki, məhkəmə “Sarkisyan Azərbaycana qarşı” iddiası əsasında da tezbazar qərar çıxarıb. Təsəvvür edin, 6 aprel 2005-ci il tarixdə “Çıraqov və başqaları Ermənistana qarşı iddia irəli sürür, 2006-cı ildə isə Minas Sarqsyan adlı Ermənistan vətəndaşı eyni tipli şikayətlə məhkəmə iddiası qaldırır. Ancaq hər iki iddia barədə qərar eyni vaxta elan olunur. Özü də Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək barədə iddia qaldıran Sarkisyan və digərlərinə Azərbaycanın 5 min avro kompensasiya və 30 min avro məhkəmə xərclərini ödəmək tövsiyəsini edib. Hər halda erməni mətbuatı barədə yazıb.

Avropa Məhkəməsi əslində həmin azərbaycanlıların tarixi torpaqlarına qayıtması, Ermənistanın onlara kompensasiya ödəməsi barədə qərar verməlidir. Təkcə Bakıda 30 min erməni rahat yaşayır, Ermənistandan isə 250 min azərbaycanlının deportasiya edilməsi unudulub. Ancaq Dağlıq Qarabağ və ətraf 7 rayondan qovulan 750 min azərbaycanlıdan cəmi 6 nəfəri iddiasına baxıb, qərar da ki, belə...

Avropa Məhkəməsinin ədalətsiz münasibətini aprel döyüşləri ilə bağlı da gördük. Belə ki, 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib. Həmin işlər icraata götürülsə də, ortada qərar yoxdur. Amma Məhkəmə dörd günlük aprel müharibəsinə görə Ermənistanın Azərbaycana qarşı qaldırdığı 23 iddianı da qəbul edib. İddia ərizəsində həyasızcasına bildirilib ki, 2016-cı ilin 2-5 aprel döyüşləri zamanı Azərbaycan Qarabağdakı hərbçilərin və mülki vətəndaşların insan hüquqlarını pozub. Təsəvvür edin, Avropanın ali qurumu işğalçının qaldırdığı iddianı qəbul edib, Azərbaycana qarşı dava açıb. Sabah paralel qətnamələrin çıxarılması da istisna deyil. Bu, nonsensdir. Eyni məntiqlə AİHM İŞİD, PKK və ya PYD-çilərin də iddiasını icraata götürməlidir. Ermənistanın işğalı və erməni terroru ilə İŞİD-in əməlləri arasında nə fərq var ki?..

Heyf, güvəndiyimiz Avropa Məhkəməsi 2 yaşlı Zəhranın qatillərinə bəraət qazandırmaqla özünü gözdən saldı...

musavat.com
Diaspora