Zərifin İrəvan səfəri Ermənistana nə vəd edir?

Zərifin İrəvan səfəri Ermənistana nə vəd edir? backend

Bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvana səfər edib.

Yerli mətbuatın məlumatına görə, nazirlə bərabər Ermənistana bir qrup iş adamı da gedib. Səfər çərçivəsində İran nümayəndə heyəti prezident və baş nazirlə görüşərək əməkdaşlıq əlaqələrini müzakirə edəcək, habelə İran-Ermənistan biznes forumu keçiriləcək.

Axar.az
xəbər verir ki, Ermənistan mətbuatı bu səfəri elə təqdim edir ki, sanki İranın xarici siyasətində yeganə məqsəd Ermənistan ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Bəs real mənzərə necədir? Bu sualı cavablandırmaq üçün bəzi paralellər aparmaq lazım gəlir.

Son üç ildə Azərbaycan və İran Prezidentləri 10 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası olub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. Azərbaycan şirkətləri də İranda aktiv fəaliyyət göstərir. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 70 faiz artıb.

Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdə qüvvəyə minib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycan tərəfdə 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. İranda 1,7 kilometrlik dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb və bu ilin sonunda tam yekunlaşacaq. Ötən il 330 kilovoltluq Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik enerjisi satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında müştərək avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub.

Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq, İran vətəndaşları üç gün ərzində elektron vizalar ala bilirlər. Prezident İlham Əliyevin Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, məntəqələrin iş saatları artırılacaq, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

Yuxarıda göstərilən faktlar İranın praqmatik siyasət yürütdüyünü, region dövlətlərinin iqtisadi vəziyyətini və imkanlarını düzgün qiymətləndirdiyini deməyə əsas verir.

Ermənistan ilə İranın iqtisadi əlaqələrinə gəlincə, qeyd etmək lazımdır ki, mətbuat yenə də dəmir və avtomobil yollarının çəkiləcəyindən, nəqliyyat sahəsində əməkdaşlıqdan dəm vurur. Lakin vəziyyət heç də yerli KİV-in təqdim etdiyi kimi deyil. Hələ seçkilər ərəfəsində Serj Sarkisyan bəyan etmişdi ki, dəmir yolu tezliklə tikiləcək. Lakin ötən 7 ildə bu istiqamətdə heç bir iş görülməyib və bu, təsadüfi deyil. Sarkisyanın bəyanatına cavab olaraq, o vaxt Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirirdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. V.Yakuninin bu məsələyə münasibət bildirməsi təəccüblü deyil. Ona görə ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından iki ölkə arasında dəmir yolunun çəkilməsi qərarı Yerevanda yox, Moskvada verilə bilər. Digər tərəfdən, Ermənistanın Rusiya ilə quru sərhədi və dənizlərə çıxışı yoxdur. Rusiya diqqəti daha səmərəli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan da Avropaya uzanacaq.

İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda acınacaqlı iqtisadi-sosial vəziyyət hökm sürür, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni, orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda beş-on mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövhlükdən başqa bir şey deyil. Belə mağazalardan Bakıda yüzlərlədir.

Onu da qeyd edək ki, İranın qeyri-neft sektorunda ixracın əsasını təşkil edən mallar (subtropik meyvələr, püstə, badam, qoz, yer fındığı, düyü, xurma və s.) dad və keyfiyyət baxımdan yüksək səviyyəli olduğu üçün qiymətləri bahadır. Ermənistanda isə kütləvi yoxsulluq hökm sürdüyü üçün əhalinin belə malları almaq imkanı məhduddur.

Bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İranın Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında birinci yeri İtaliya tutur. Bu ölkə İrandan 464 milyon 276 min 573 dollar məbləğində məhsul idxal edib. İkinci yerdə isə Azərbaycandır. Ölkəmizə 9 ay ərzində İrandan 302 milyon 128 min dollar həcmində məhsul idxal olunub. Ermənistan isə Almaniya və İspaniyadan sonra beşinci yerdədir. Bu ölkə İrandan cəmi 160 milyondan bir qədər çox məhsul idxal edib. Halbuki əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içərisində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin olmadığını da ortaya qoyur.

Beləliklə, İran-Ermənistan iqtisadi əlaqələrinin zəifliyi obyektiv xarakter daşıyır. Yəni, İran əlaqələri bilərəkdən bu səviyyədə saxlamır. Sadəcə olaraq, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi, qonşularına qarşı əsassız ərazi iddiaları, uydurma soyqırımını təbliğ etməsi bütün qonşu ölkələrlə əlaqələrinin inkişafına mane olur.

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişliyi, intensivliyi və tərəflər üçün səmərəli olması da obyektiv xarakter daşıyır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın böyük iqtisadi potensialı var.

Siyasi əlaqələr gəldikdə isə sadəcə olaraq onu qeyd etmək lazımdır ki, cari ilin yanvar ayında İran prezidenti Ermənistana səfər etmişdi. Səfər zamanı prezident Həsən Ruhaninin Yerevandakı qondarma erməni soyqırımı abidəsini ziyarətdən imtina etməsi məsələni aydınlaşdırır. Həmin səfər çərçivəsində İran və Ermənistan prezidentləri yalnız iki sənəd imzaladılar. Bunlardan biri muzeylər, digəri isə idman sahəsində əməkdaşlıq haqqında idi.

Fevral ayında isə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən referenduma dair İranın mövqeyini bəyan edərək bildirdi ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. B. Qasemi diqqətə çatdırdı ki, İran nə “Dağlıq Qarabağ Respublikasını”, nə də orada keçirilən referendum tanımır və tanımaq niyyətində də deyil.

Bütün bunları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, Zərifin bu səfəri də Ermənistana faydalı heç nə vəd etmir. Sadəcə, ilin əvvəlində nazirin səfərləri haqqında proqram tərtib olunur. Yəni İran XİN-in başçısı bu səfəri reallaşdırmaq məcburiyyətindədir.
Diaspora