Sabah Brüsseldə qlobal gündəmin ən aktual mövzulardan birinə həsr olunmuş iki günlük beynəlxalq forum start götürəcək.
“Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı mötəbər tədbirdə Azərbaycandan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Avropada fəaliyyət göstərən diaspor qurumlarımızın və Belçikadakı səfirliyimizin təmsilçilərinin, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədovun, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlərin və siyasi xadimlərin, keçmiş ölkə prezidentləri, baş nazirlər və parlament sədrlərinin iştirakı gözlənilir.Bu sırada Ukraynanın sabiq prezidenti Viktotr Yuşenko, İsrailin keçmiş prezidenti və parlamentin spikeri Dalia Itzik, Moldovanın eks-baş naziri Dumitru Bragiş, Bosniya və Herseqovinanın sabiq baş naziri Hasan Muratoviç, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü Hannu Takkula, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü Jesus Lopez-Medel Bascones, İsrail parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Robert İlatov, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru Antje Herrberg, İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, İsrailin 9-cu kanalında veriliş aparıcısı, siyasi şərhçi, “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və ilk prezidenti İosif Şaqal, Ukraynanın siyasi xadimi, deputat, Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Böyük Lüksemburq Hersoqluğu Parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar mərkəzinin rəhbəri Jacques-Yves Henckes, Azərbaycanın Fəxri Konsulu Otto Hauser, Yunanıstan Parlamentinin üzvü, Yunanıstanın sabiq daxili işlər naziri, sabiq turizm naziri İoannis Kefalogianis; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi, professor Akkan Suver forumda iştirak və çıxış edəcəklər.
Rusiyadan məşhur teleaparıcı Maksim Şevçenko, tarixçi-analitik Oleq Kuznetsov, politoloq Aleksandr Karavayev də qonaqlar arasında olacaq. Həmçinin, Xocalı soyqırımı haqda kitab və çoxsaylı məqalələrin müəllifi, doktor Yohannes Rau mötəbər qonaqlar arasında olacaq.
Bundan başqa, Forumun işində Azərbaycandan 4 media qurumunun rəhbəri – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət izləyəcək.
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, məşhur iş adamı, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədov (Frebnk Elkaponi), habelə dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiya və Gürcüstandakı diaspor təşkilatlarımızı rəhbərləri də Foruma qatılacaqlar.
Tədbirin birinci günü Əli Həsənov tədbirdə giriş nitqi ilə çıxış edəcək. Daha sonra mövzu ətrafında müzakirə və diskussiyalar olacaq.
Tədbirin ikinci – sonuncu günü isə Avropa Parlamentində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsi üzvlərinin Avropa Parlamentinin üzvləri, Avropa ölkələrinin parlamentlərinin deputatları, nüfuzlu siyasətçilər və ekspertlərlə görüşləri nəzərdə tutulub.
Avropa Birliyinin (AB), NATO-nun mənzil qərargahlarının yerlışdəyi Brüsseldəki bu beynəlxalq forumu Bakının Dağlıq Qarabağla bağlı AB-nin Brüssel sammiti ərəfəsi diplomatik həmləsi də adlandırmaq olar. Xatırladaq ki, 4 gün sonra – noyabrın 24-də Belçikanın paytaxtında qurumun “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitə prezident İlham Əliyevin də qatılacağı gözlənilir.