İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda

İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda backend

"Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, o qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir: "Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.

Hesab edirəm ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. 30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olubdur və bu 2-3 gün ərzində həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıbdır. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi. Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir və biz bunu edirik. Nəqliyyat sahəsində tranzit ölkə statusunu almaq üçün mütləq qonşularla isti münasibətlərin olmalıdır. Ona görə bu, xarici siyasətimizin əsas prioritetidir və çox sevindirici haldır ki, qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur".

Prezident Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyini vurğulayıb: "Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilib. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurumla Azərbaycan arasında süni böhran yaradılıb. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaq. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz".

Virtualaz.org
Diaspora