Putin-Ərdoğan görüşündən nəticə gözləməyə dəyməz - MÖVQE

Putin-Ərdoğan görüşündən nəticə gözləməyə dəyməz - MÖVQE backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.

Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. R. T. Ərdoğan Rusiya tərəfindən Soçidə keçirilməsi planlaşdırılan Suriya Xalqları Konqresinə kürd qruplaşması PYD-nin dəvət olunması ilə əlaqədar narazılığını çatdıracaq.
Maraqlıdır, prezidentlərin görüşü region üçün nə vəd edir? Görüşdə Türkiyə üçün əsas prioritet məsələ nə ola bilər?

Bununla bağlı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az-a danışıb:

“Suriya, İraqla bağlı müzakirə edilməli müəyyən problemlər var. Həmçinin düşünürəm ki, Cənubi Qafqazla bağlı məsələ də gündəlikdə yer tapacaq. Bilavasitə görüşün nəticəsi kimi ciddi dəyişikliklər gözləməyə dəyməz. Ancaq hər bir halda Türkiyə-Rusiya münasibətləri ziddiyyətli olarsa, Azərbaycan da bundan itirəcək. Əksinə yaxşı olan zaman isə ölkəmiz bu yaxınlıqdan müsbət nəticələr əldə edə bilər. Təbii olaraq bu görüşdə hər iki dövlət arasındakı enerji əməkdaşlığı, böyük layihələr də müzakirə ediləcək.
Rəcəb Tayyip Ərdoğan dəfələrlə görüşlər zamanı Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyini desə də, hələlik bu, bir nəticə verməyib. Bu baxımdan hələ ki görüşü gözləmək və hər iki tərəfin sonrakı addımlarını izləmək lazımdır”.

Politoloq Qabil Hüseynli qeyd edib ki, görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə edilmə ehtimalı olsa da, nəticə gözləmək çətindir:

“Görüşdə Türkiyə üçün əsas prioritet məsələ Dağlıq Qarabağ problemi və türkmən qazının Xəzərin dibindən TANAP layihəsinə birləşdirilməsidir. Hər iki məsələdə Rusiyanın rolu böyük, mövqeyi həlledicidir. Türkiyə prezidenti Putini dilə tutub bu məsələlər istiqamətində müəyyən kompromisə gəlmək üçün çalışacaq.

Açığı, Dağlıq Qarabağ məsələsində ümidim olsa da, optimist deyiləm. Amma Transxəzər qaz kəməri haqqında nikbinəm. İndi olmasa da, uzaq olayan zamanda bu məsələnin həll ediləcəyinə inamım var”.
Diaspora