Fikrət Hüseynli azadlığa buraxıldı

Fikrət Hüseynli azadlığa buraxıldı backend

Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub.

Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında Azərbaycanın İnterpola verdiyi sorğu əsasında tutulmuşdu. Bir neçə il əvvəl Bakıda ona Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb.

Oktyabrın 17-də Kiyevin Borispol Rayon Məhkəməsi Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçmişdi.

41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. 2006-cı il martında o, Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb.

Azərbaycanı 2008-ci ilin əvvəlində tərk etmiş Fikrət Hüseynli həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən bu ölkənin vətəndaşıdır.

Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.
Diaspora