Sentyabr ayında Türkiyə parlamentinin deputatı Karo Paylanın Yerevana etdiyi səfər açıq-aşkar Ermənistanın xeyrinə olan addımdır.
Bunu Trend-ə xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.O deyib: "Milli mənsubiyyətini nəzərə alsaq, K.Paylan Ermənistana rəğbət bəsləyə bilər, amma indiki halda o, uzun müddət Ermənistan və PKK ilə sıx əlaqə saxlamış Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir".
Ekspert qeyd edib ki, 2008-ci ildə Türkiyədə PKK-ya qarşı keçirilmiş güc əməliyyatından sonra bu terror təşkilatının əksər üzvləri Ermənistana sığındı.
Ə.Ərənin sözlərinə görə, deputatın Ermənistana səfərini məhz bu kontekstdən qiymətləndirmək lazımdır: "Çünki o, Yerevanda çıxışı zamanı Ankaranı "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib. Əgər Ermənistan və onun dostları bu qədər demokratikdirsə, niyə onlar Xocalı soyqırımını tanımır və niyə Yerevan bu günədək qədim Azərbaycan torpaqlarını işğal altında saxlayır".
O vurğulayıb ki, Türkiyə və onun dostlarından söhbət düşəndə, bəzi ölkələr terrorçuları demokratiya müdafiəçiləri kimi qəbul edirlər.