Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüş keçirib.
XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında, siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu qeyd edərək bu çərçivədə görülən tədbirlər haqqında danışıb.Turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olunub.
Elmar Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verib.
Görüşdə tərəflər həmçinin, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.