Sərdar Cəlaloğlu: “Qafqaz Müsəlmanları İdarəsi ya təcili olaraq buraxılmalı, ya da Azərbaycandan çıxarılmalıdır”
“Azərbaycan Qafqaz ölkəsi deyil ki, sən gəlib burda Qafqaz Müsəlmanları İdarəsi yaradasan”“...Son vaxtlar Şeyx və onun ətrafından gedən söz-söhbətlər də, əslində, bu təhlükələrin nə qədər ciddi və real olduğunu göstərir”
“Nəyə görə Vergilər Nazirliyi Mehman Əliyevdən hesabat tələb edir, Allahşükür Paşazadədən tələb olunmur?”
“Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, xarici dövlətlərin vətəndaşlarını öz sırsasına daxil edən heç bir qurum fəaliyyət göstərə bilməz”.
Bu fikirlərin müəllifi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.
Son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ətrafında baş verən prosesləri şərh edən ADP sədri hesab edir ki, ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükədir:
“Qafqaz Müsəlmanları İdarəsi çar-sovet rus imperiyasının bu günə qədər qalan yeganə strukturudur. Hamıya məlumdur ki, ruslar öz imperiya siyasətini həyata keçirmək üçün müstəmləkə dövlətləri müxtəlif adlar, bir birlik altında, bilavasitə özü ilə əlaqələndirir. O cümlədən Rusiya da işğal etdiyi ərazilərdə müsəlmanların böyük bir hissəsini, əsasən şiələri, Qafqaz Müsəlmanları İdarəsi adı altında toplamışdır. Çox maraqlıdır ki, SSRİ dağıldı, Azərbaycan müstəqillik əldə etdi, amma Qafqaz Müsəlmanları İdarəsi buraxılmadı, bu günə qədər də fəaliyyət göstərir və Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükələrdən biridir”.
“Bu, Rusiyanın bir strukturudur, rəhbərliyi Kremlə tabedir”
S.Cəlaloğlunun fikrincə, Qafqaz Müsəlmanları İdarəsinin xarici vətəndaşları öz sıralarına daxil etməsi qanunsuzdur: “Bu gün bizə ingilisləri, amerikanları partiyaya qəbul etməyə icazə verilmir. Çünki qanun bunu qadağan edib. Onda sual olunur, Qafqaz Müsəlmanları İdarəsi çeçenləri, Dağıstan müsəlmanlarını öz sıralarına necə qəbul edə və onların fəaliyyətinə rəhbərlik edə bilər?
Digər tərəfdən, bu qurum Rusiyanın bir strukturudur, rəhbərliyi Kremlə tabedir və əsas potensialını da Rusiya müsəlmanları təşkil etdiyindən, Azərbaycanda həm separatçı meylləri formalaşdırır, həm də Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi üçün təhlükəlidir. Qafqaz Müsəlmanları İdarəsinin cari fəaliyyəti də bunu sübut edir. Son 30 ildə biz görürük ki, bu idarənin rəhbərliyi altında Azərbaycan müsəlmanları böyük həcmdə dindən uzaqlaşıblar, ya ateizmə yuvarlanıblar, ya radikal təriqətlərə, ya da başqa dinlərə üz tutublar. Bu da, əslində, Qafqaz Müsəlmanları İdarəsinin dini təşkilat olmadığını, islama xidmət etmədiklərini, başqa fəaliyyətlə məşğul olduqlarını göstərir”.
“Qafqaz Müsəlmanları İdarəsi təcili olaraq ya buraxılmalı, ya da...”
ADP sədrinin fikrincə, Qafqaz Müsəlmanları İdarəsi ya qanuna uyğun olaraq təcili buraxılmalı, ya da Azərbaycandan çıxarılmalıdır: “Qroznı və yaxud da Maxaçkalada yerləşməlidir. Çünki Azərbaycanın Qafqaza aidiyyatı yoxdur. Azərbaycan Zaqafqaziya (Qafqaz arxası-müəl.) ölkəsidir. Azərbaycanın çox kiçik bir hissəsi Zaqafqaziyadadır, böyük hissəsi Yaxın Şərqdədir, İran ərazisində. Bu baxımdan, guya Azərbaycanı Qafqaz ölkəsi kimi təqdim etmək və Qafqaz Müsəlmanları İdarəsinin qalması faktiki olaraq Azərbaycanın nəhəng bir hissəsini - Şimali Azərbaycanı ayırmaq, yəni Zaqafqaziyaya düşən ərazisindən ayırmaq deməkdir. Elə bunun özü separatçılıqdır. Azərbaycan Qafqaz ölkəsi deyil ki, sən gəlib burda Qafqaz Müsəlmanları İdarəsi yaradasan. Azərbaycan Zaqafqaziya ölkəsidir. Qafqaz Gürcüstanın sərhədlərində, Azərbaycanın şimal sərhədlərində qurtarır. Ora əsasən Dağıstan, Stavropol əyaləti, Çeçenistan və s. daxildir. Düzdür, Dağıstan da əvvəllər Azərbaycan torpaqları olub. Amma Azərbaycan Qafqaz ölkəsi olmadığına və Şimali Azərbaycan Zaqafqaziya olduğuna görə, burda bir Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərə bilməz. Bu baxmdan, hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti dayandırılmalı, yaxud da Qafqaza köçürülməli və Azərbaycan bu təşkilatın tərkibindən çıxmalıdır. Əgər tələb olunarsa, Türkiyə, İran və Azərbaycan arasında belə bir dini idarə yaradıla bilər. Çünki Azərbaycan əhalisinin bir qismi sünni kimi daha çox Türkiyənin hakim təriqəti ilə, bir hissəsi də şiə kimi İran şiələri ilə yaxındır. Bu baxmdan, bu 3 dövlət arasında ümumi bir dini idarə yaradıla bilər ki, müsəlmanları idarə etsin. Amma Qafqaz Müsəlmanları İdarəsi qaldıqca, hesab edirəm ki, Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhlükələr də var. Son vaxtlar Şeyx və onun ətrafından gedən söz-söhbətlər də, əslində, bu təhlükələrin nə qədər ciddi və real olduğunu göstərir”.
“Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə xitam verilə bilər”
Bəs, Azərbaycan dövlətinin Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə xitam vermək səlahiyyəti varmı? S.Cəlaloğlu bunu tamamilə mümkün hesab edir və deyir ki, Azərbaycan qanunlarına görə, ölkə ərazisində əcnəbiləri öz sırasına daxil edən ictimai və siyasi təşkilatlar fəaliyyət göstərə bilməz: “Azərbaycan dövlətinin də öz ölkəsində fəaliyyəti Konstitusiyaya uyğun gəlməyən təşkilatları dayndırmaq hüququ var.
O vaxt Çar Rusiyasının tərkibindəydik, ona görə, bizi Qafqaz müsəlmanları kimi bu idarənin tərkibinə qatmışdılar. İndi biz Çar Rusiyasının, Sovet Rusiyasının tərkibində deyilik, müstəqil dövlətik, bizim Qafqaza nə aidiyyatımız var?! Gürcüstan, Azərbaycan, Ermənistan Qafqaz araxası ölkələrdir”.
ADP sədri deyir ki, ümumiyyətlə “Cənubi Qafqaz” deyimi də düzgün deyil: ““Cənubi Qafqaz” ifadəsi çografiyada yoxdur. Qafqazın cənubu Dağıstandır. Azərbaycan Qafqaz dağlarının qurtardığı ərazidə yerləşir. Bizim Qafqaza heç bir aidiyyatımız yoxdur. Belə olduğu halda, nəyə görə, Rusiya vətəndaşları Azərbaycandakı bir QHT-nin üzvü olmalıdır?! Sabah da bu və ya digər şəraitdə həmin QHT öz tərəfdarlarını Azərbaycan dövlətinə qarşı ayağa qaldıra bilər və bir də baxarıq ki, radikal dindarlar, dağıstanlılar, çeçenlər əllərində silah Azərbaycan dövlətinin üstünə gəliblər. Bu, dözlətçiliyimiz üçün real təhlükədir”.
“Qafqaz Müsəlmanları İdarəsi siyasi fəaliyyətlə məşğuldur”
Sərdar Cəlaloğlu vurğuladı ki, Qafqaz Müsəlmanları İdarəsi dini deyil, siyasi fəaliyyətlə məşğuldur: “Qafqaz Müsəlmanları İdarəsi dini fəaliyyət göstərmir. Bu idarə açıq-açığına siyasi fəaliyyətlə məşğuldur. Məsələn, bu yaxınlarda dünya dövlətlərinin islama tolerantlığı ilə bağlı beynəlxalq bir siyahı açıqlanıb. Azərbaycan islama tolerant olmayan birinci 10 dövlətin içərisindədir. Bunlar Birma, İsrail, Çin, Azərbaycan və bir neçə Afrika dövlətidir. Təsəvvür edin ki, heç bir xristian dövləti Azərbaycan qədər islama qeyri-tolerant deyil. Əgər Azərbaycanda islama bu qədər qeyri-tolerant yanaşma varsa, deməli, Qafqaz Müsəlmanları İdarəsi idərəsi dinlə məşğul olmayıb, bu, bir siyasi idarədir”.
“Allahşükürün vaxtı yoxdur ki, islamla, dinlə məşğul olsun...”
ADP sədri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Putinə sadəqtli olduğu haqda açıqlama verdiyini də xatırlatdı: “Allahşükür Paşazadə dəfələrlə deyib ki, mən Putinə sədaqətliyəm. Putinə sədaqətli olan adamın Azərbaycanda nə işi var?! Getsin, Putinin yanından dursun, Putinin siyasətini həll etsin. Bizə Azərbaycan dövlətinə, Azərbaycan xalqına, ən əsas da islam dininə və Qurana sədaqətli olan din xadimi lazımdır, Putinə sədaqətli olan din xadimi yox. Onsuz da Azərbaycan müsəlmanlarının, dindarlarının 60-70 faizi Qafqaz Müsəlmanları İdarəsini qəbul etmir. Əhalinin dindar kəsiminin böyük bir hissəsi artıq müsəlmançılıqdan çıxıb, islamdan kənar dindar olublar. Bir çoxları radikal olub. Məsələn, Azərbaycanda vəhhabilərin sayı Qafqaz Müsəlmanları İdarəsinə tabe olan müsəlmanların sayından çoxdur. Burda “nurçular”, başqa təriqətlər var ki, heç biri də Qafqaz Müsəlmanları İdarəsini qəbul etmir. Onda sual olunur, Azərbaycan əhalisinin böyük bir hissəsinin inanmadığı və yaxud tabe olmadığı bir idarə nəyə lazımdır?! Bizə elə bir dini idarə lazımdır ki, o bütün Azərbaycan müəslmanlarının maraqlarını özündə ifadə etsin və insanlar doğrudan da bu dini idarəni qəbul etsin.
Ən vacibi isə Qafqaz Müsəlmanları İdarəsi ruhaniyyət işləri ilə məşğul olmur. Bu günə qədər Quranın şərhi, izahı, İslam dəyərləri, adətləri, ritualları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin heç bir fəaliyyəti olmayıb, ancaq dövlət təşkilatı kimi beynəlxalq konfranslar keçirir, Rusiyadan olan adamları gətirir ölkəmizə. Yaxud da bütün günü, özlərinin də dediyi kimi, Allahşükür Paşazadə səfərlərdədir. Dünyanın hansı dini lideri Allahşükür qədər səfər edir?! Çünki o, dini yox, siyasi fəaliyyətlə məşğuldur. Nəyə görə, tutaq ki, İran ayətullaları, Türkiyənin və başqa dövlətlərin dini liderləri illərlə öz ölkələrini tərk etmirlər. Çünki onların vəzifəsi öz ölkələrinin müsəlmanları üzərində dini rəhbərliyi həyata keçirmək, onları islam və Quran ətrafından birləşdirmək və s.-dir. Allahşükürün vaxtı yoxdur ki, islamla, dinlə məşğul olsun. Ya ticarətlə məşğuldur... Məsələn, Azərbaycanda hamı bilir ki, xalça, soğan, sarımsaq və s. bu kimi məhsulların monopoliyası Allahşükür Paşazadəyə aiddir. Bu ad altında külli miqdarda vəsait dövlət büdcəsindən yaynıdırılır. Məsələn, guya bu xalçalar məscidlərə gətirilir... Gedin gömrükdə İrandan gətirilən xalçaların miqdarında baxın və Azərbaycanda olan bütün məscidlərdəki xalçaların sayını hesablayın, görün neçə yüz dəfə ondan artıq xalça gətirilib. Hamısı da Qafqaz Müsəlmanları İdarəsinin adı altında və dövlət vergisindən də yayındırılıb. Korrupsiyanın ən bariz faktlarından da biri budur. Eləcə də Azərbaycan məscidlərində yığılan vəsait hara xərclənir, necə xərclənir, bəlli deyil. Dövlət istənilən QHT-ni yoxlayır, hesabat tələb edir. Məsələn, nəyə görə Mehman Əliyevdən vergi tələb olunur, amma Allahşükür Paşazadədən yox? Nəyə görə Allahşükür Paşazadədən tələb olunmur ki, gətir yığdığın pulların hesabatını ver? Partiyalardan, aza qala hər bir vətəndaşdan hesabat tələb olunur, bəs nəyə görə Qafqaz Müsəlmanları İdarəsindən xaricdən gələn ianələrin, daxildən verilən ianələrin, tutaq ki, vətəndaşların sədəqələrinin hesabatı tələb olunmur? Bu pullar hara gedir? Ola bilər ki, bu pulların böyük bir hissəsi Azərbaycan dövlətçiliyinin əleyhinə işləsin. Ona görə, hesabatlı olmalıdır. Amma hesabat yoxdur. Mehman Əliyevi tutmağa nə var ki. Mehman Əliyevlə Allahşükür Paşazadənin statusu eynidir. Nəyə görə Vergilər Nazirliyi Mehman Əliyevdən hesabat tələb edir, Allahşükür Paşazadədən tələb olunmur? Bu hansı dövlətdir ki, orda vətəndaşlar qanun qarşısında qeyri-bərabərdir?”
Hurriyyet.org