ATƏT-in beynəlxalq tədbirində Ermənistanın cinayətkar əməllərindən danışıldı

ATƏT-in beynəlxalq tədbirində Ermənistanın cinayətkar əməllərindən danışıldı backend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Varşavada keçirilən ATƏT-in insan ölçüsü üzrə illik görüşündə iştirak edib.


Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, illik görüşdə demokratik institutlar, informasiya və media azadlığı, ifadə və birləşmək azadlığı, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilib.

Ombudsman Aparatının rəhbəri 2-ci və 5-ci işçi iclasda müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib.

Aydın Səfixanlı 2-ci sessiyadakı çıxışında insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini, beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsi olduğunu vurğulayıb. O, ATƏT-i, o cümlədən bu təşkilata üzv olan dövlətləri harada baş verməsindən və hansı dövlət tərəfindən törədilməsindən asılı olmayaraq, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, insan hüquqlarının, beynəlxalq humanitar hüququn davamlı olaraq pozulması faktlarına biganə qalmamağa, səssizlik nümayiş etdirməməyə, yeni hüquq pozuntularının baş verməməsi üçün bu pozuntulara yol verən Ermənistanın cəzalandırılmasında səylərini birləşdirməyə səsləyib.

Qeyd olunub ki, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələri və mülki obyektlər qəsdən ağır silahlardan atəşə tutulub, nəticədə Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanıb, və mülki obyektlər dağıdılıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələri bölmələrinin bu il avqustun 7-də Tovuz rayonunun Ermənistan ilə həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, bu son hadisələr Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən, Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Cəzasızlıq mühitindən arxayınlıq o səviyyəyə çatıb ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək mülki əhalini, xüsusilə azyaşlı uşaq və qadınları belə qətlə yetirməkdən çəkinmir.

A.Səfixanlı çıxışında BMT-nin İnsan Hüquqları Şurasının “Həqiqət hüququ” Qətnaməsinin tələblərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdıraraq, həmin qətnamədə insan hüquqlarının, humanitar hüququn kobud pozuntu hallarına qarşı mübarizənin, bu kimi pozuntuların qarşısının alınması və cəzasızlıq mühitinin aradan qaldırılması sahəsində üzv dövlətlərin, beynəlxalq təşkilatların, milli insan hüquqları təsisatlarının, qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsinin vacibliyinin vurğulandığını qeyd edib. Həmçinin Azərbaycan Ombudsmanının BMT-nin İnsan Hüquqları Şurasının məlum qətnaməsinin də tələblərini rəhbər tutaraq, ölkəmizə qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlara ünvanlanan bəyanat və müraciətlər qəbul etdiyi diqqətə çatdırıb.

Bundan başqa, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, Uşaq Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin ciddi şəkildə pozulduğu, Azərbaycanın çoxəsrlik tarixi ərzində tolerant və mehriban birgəyaşama mədəniyyəti, ümumqəbul olunmuş dəyərlərə, sülhə sadiqliyi dünya dövlətləri üçün nümunə kimi göstərildiyi, Ermənistanın isə yalnız Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişaf üçün mühüm təhlükə mənbəyi olduğu qeyd olunub, ölkəmizin BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ATƏT və üzv dövlətlər birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırılıb.

A.Səfixanlı tədbirin 5-ci sessiyasındakı çıxışında Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətin ictimai-siyasi həyatında iştirakının təmin edilməsi və bu sahədə Ombudsmanın rolu barəsində tədbir iştirakçılarına geniş məlumat verib.

Onun hər iki sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yayımlanıb.
Diaspora