Azərbaycan Amerika yəhudiləri ilə əlaqələrini genişləndirir

Azərbaycan Amerika yəhudiləri ilə əlaqələrini genişləndirir backend

Azərbaycan nümayəndə heyəti Amerika yəhudi təşkilatları ilə görüşlər keçirib. QAZİLƏR.AZ saytı xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Los Anceles şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkədə fəaliyyət göstərən bir sıra yəhudi təşkilatları ilə görüşlər keçirib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun təşkilatçılığı ilə ilk görüş Amerika-İsrail Əlaqələr Komitəsinin Los Ancelesdəki İdarə heyətinin üzvləri ilə olub. Görüşdə Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri - Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, həmin dini icmanın ravvini Avraam İsakovla yanaşı, ölkəmizin Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.
Yəhudilərin Azərbaycandakı vəziyyətindən danışan Y.Abramov ölkəmizdə demokratik və dünyəvi cəmiyyət formalaşdığını, hər bir etnik və dini qrupun sərbəst fəaliyyət göstərdiyini bildirib. O, qeyd edib ki, yəhudilərin Azərbaycanda heç bir problemi yoxdur və Azərbaycan-İsrail münasibətləri inkişaf etməkdədir. Lakin təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir və bundan bütün ölkə vətəndaşları, o cümlədən yəhudilər əziyyət çəkirlər.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri M.Yevdayev isə Dağ yəhudiləri icmasının tarixindən və dövlətin icmaya qayğısından danışıb. O bildirib ki, yəhudilər iyirmi beş əsrdir Azərbaycanda yaşayır və bu müddət ərzində yəhudilərlə azərbaycanlılar arasında yalnız qardaşlıq münasibətləri mövcud olub.

DQİDK-nın sədr müavini G.İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən, tarixən formalaşmış tolerantlıq ənənələrindən və həmin ənənələrin bu gün də davam etdirilməsindən danışıb: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar da bərpa edilib və yenidən qurulub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq inşa edilib. Bundan başqa, dövlət tərəfindən ölkədəki dini icmalara maddi yardım göstərilir. Azərbaycan təkcə təbii sərvətlərə deyil, həm də multikultural zəngin mədəniyyətə sahibdir. Bu baxımdan Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir”.

Amerika-İsrail Əlaqələr Komitəsinin rəsmi nümayəndəsi Maykl Tuşen Azərbaycanda yəhudilərə yüksək münasibət olduğunu, həm Azərbaycan-İsrail, həm də Azərbaycan-ABŞ əlaqələrinə çox böyük əhəmiyyət verdiklərini bildirib: “İstər region, istərsə də İslam dünyasının əhəmiyyətli dövləti olan Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir və bunun üçün Komitə öz səylərini əsirgəməyəcək”.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Kolumbiya Universitetinin nəzdindəki yəhudi Hillel Mərkəzinin rəhbəri ravvin Chaim Seidler Feller və Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin İdarə heyətinin üzvləri ilə də görüşüblər. Görüşdə Azərbaycanda yəhudi icmasına yaradılmış şərait, Azərbaycan-İsrail, Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib, bu əlaqələrin inkişafında yəhudi icmasının rolu barədə fikir mübadiləsi aparılıb.
Diaspora