ÜAK prezidenti: “Rusiyada Azərbaycan diaspor təşkilatını bağlamaq mümkün deyil“

ÜAK prezidenti: “Rusiyada Azərbaycan diaspor təşkilatını bağlamaq mümkün deyil“ backend

"Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiyada işinə davam etmək imkanı əldə edəcəyinə ümidvardır".

Qaziler.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya bürosuna ÜAK prezidenti Fazil Qurbanov bildirib.

Onun sözlərinə görə, sentyabrın 19-da Rusiya məhkəməsində, demək olar, təşkilatın gələcək taleyi həll ediləcək: "ÜAK rəhbəri kimi, Rusiya Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsinin əvvəlindən bütün tərəflərlə görüşmüşəm, əvvəlki rəhbərlik tərəfindən buraxılan bütün səhvləri təhlil etmişəm. Bütün çatışmazlıqları aradan qaldırmışıq. Bu müddətdə ÜAK-ın regional bölmələrinin rəhbərləri ilə əlaqədə olmuşuq, yaranmış vəziyyəti müzakirə etmişik. Bəzi yerlərdə panika hökm sürürdü, insanlar nə edəcəklərini bilmirdilər. Amma biz hər şeyi aydın izah etdik, onlardan isə sadəcə səbr, dəstək, Rusiya və Azərbaycanın rifahı naminə işləməyə davam etmələrini istədik. Çünki diaspor təşkilatını bağlamaq mümkün deyil, axı bunlar canlı insanlardır, özü də Rusiya vətəndaşlarıdır".

Konqres prezidenti deyib ki, ÜAK yeni qurultayını keçirmək, yeni nizamnaməsini təsdiqləmək və Rusiya qanunvericiliyinə uyğun müvafiq sənədləri hazırlamaq və qeydiyyatdan keçirmək üçün 6 ay vaxt istəyir: "Ümid edirik ki, belə fürsət əldə edəcəyik".

Qeyd edək ki, F.Qurbanov həmçinin "İzboski klubu"nun və Geosiyasi Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi və Moskvada keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında da ÜAK-ın fəaliyyəti məsələsinə toxunub. O, çıxışı zamanı ÜAK-ın fəaliyyət göstərdiyi illərdə əldə etdiyi nailiyyətləri sadalayaraq belə xoş ənənələrin qorunmasının əhəmiyyətini qeyd edib.
"Əminəm ki, təşkilatımızı ləğv etmək cəhdi Rusiya azərbaycanlılarını müvafiq reaksiyanı göstərməyə məcbur etmək, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyən destruktiv qüvvələrin siyasətidir. Amma onların bu planı alınmayacaq. Heç bir addım iki xalq, iki dövlət arasında əlaqəni korlaya bilməz", - ÜAK prezidenti vurğulayıb.
Diaspora