Prezident Yaponiyanın XİN rəsmisi ilə görüşdü

Prezident Yaponiyanın XİN rəsmisi ilə görüşdü backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Yaponiyanın Xarici İşlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidentini təbrik edib. O, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təbriklərini çatdırıb.

Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Qonaq son vaxtlar ölkələrimiz arasında faydalı qarşılıqlı səfərlərin həyata keçirildiyini və həmin səfərlər zamanı müxtəlif sahələrdə sərmayə qoyuluşu ilə bağlı səmərəli danışıqların aparıldığını deyib. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını qeyd edib.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev Yaponiyanın bu mərasimdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğulayıb, Yaponiya Hökumətinin ölkəmizdə müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirib. Enerji sektorunda da ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Yaponiya şirkətləri uzun illərdir Azərbaycanda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak edir və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verirlər.

Dövlət başçısı qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətindən danışıb.
Diaspora