AZƏRTAC İpək Yolu mövzusunda beynəlxalq konfransda təmsil olunub

AZƏRTAC İpək Yolu mövzusunda beynəlxalq konfransda təmsil olunub backend

Sentyabrın 10-da Yunanıstanın Saloniki şəhərində bu ölkənin ANA-MPA və Çinin Sinxua agentliklərinin birgə təşkilatçılığı ilə “Bir kəmər, bir yol” adlı İpək Yolu mövzusunda konfrans keçirilib.



AZƏRTAC-ın da təmsil olunduğu konfransda Avropa və Asiya ölkələrindən 25 xəbər agentliyinin nümayəndələri, Yunanıstanın turizm naziri, bu ölkədə fəaliyyət göstərən qabaqcıl şirkətlərin rəhbərləri, yerli mətbuat təmsilçiləri iştirak ediblər.

ANA-MPA xəbər agentliyinin direktoru Mixalis Psilos çıxış edərək dünya mətbuatının üzləşdiyi problemlər, qarşısında duran vəzifələr və perspektivlər barədə ətraflı danışıb.

Sonra Sinxua agentliyinin sədr müavini Zhang Sutanq Çin ilə Yunanıstan arasında strateji tərəfdaşlıqdan bəhs edib, İpək Yolunun inkişafının xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini bildirib.

Ölkəsinin turizm potensialından danışan Yunanıstanın turizm naziri xanım Elena Kountoura əldə edilmiş son nəticələrə nəzər salıb. Bildirilib ki, turizm sektoru Yunanıstanın ötən illərlə müqayisədə daha sürətli inkişafı, iqtisadiyyatın artması üçün mühüm rol oynayıb.

Sonra çıxış edən “Hellenic Petroleum” şirkətinin prezidenti Grigoris Stergioulis, “Cenergy” şirkətinin sədr müavini Dimitris Kyriakopolus və “Euromedica” şirkətinin rəhbəri Spiridon Kotrotso İpək Yolunun yeni imkanlar, yeni əlaqələr yaratmaqla yanaşı, keçdiyi ölkələr arasında ticarət əlaqələrin inkişafına da təkan verəcəyini diqqətə çatdırıblar.

Tədbirdə iştirak edən xəbər agentliklərinin təmsilçiləri mətbuatın gələcəyi, perspektivləri, internet əsrində fəaliyyəti, xəbər agentlikləri arasında əlaqələndirmənin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüblər.

Sonda xəbər agentlikləri arasında əlaqələndirmənin inkişaf istiqamətlərini özündə birləşdirən “Saloniki 2017” bəyannaməsi səs çoxluğu ilə qəbul olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Saloniki
Diaspora