Sentyabrın 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, İran xalqının Prezident Həsən Ruhaninin həyata keçirdiyi siyasəti dəstəklədiyini göstərir. Prezident İlham Əliyev qeyd edib ki, biz dost ölkə olaraq İranın uğurlarına sevinirik.
Dövlət başçısı İran Prezidenti ilə xeyli sayda keçirdiyi görüşləri məmnunluqla xatırladaraq həmin görüşlər zamanı səmərəli danışıqların aparıldığını vurğulayıb. Ölkələrimiz arasında imzalanan sənədlərin uğurla icra olunduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Prezident Həsən Ruhani ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq deyib ki, biz ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədləri müvəffəqiyyətlə yerinə yetirmək üçün səylərimizi birləşdirməliyik. Qeyd edib ki, İranın yeni seçilən hökuməti də Azərbaycan ilə dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiqdir.
Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb. Bildirib ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan Prezident Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. İran Prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, Prezident İlham Əliyevi həmin tədbirə dəvət edib.
Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran Prezidenti ümidvar olduğunu bildirib ki, Xəzərin statusu ilə bağlı səylərimizi əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür.
Prezident Həsən Ruhani ölkəsi tərəfindən həyata keçirilən işlərdən danışaraq deyib ki, İran digər ölkələrlə birlikdə nəhəng layihələr həyata keçirir. İran həmin layihələrdə Azərbaycanın iştirakını və investisiya qoymasını alqışlayar. İran Prezidenti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, elm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Terrorizmin regionda sülhə və sabitliyə ciddi təhdid yaratdığını deyən Prezident Həsən Ruhani beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlı olduqlarını qeyd edib.
Prezident İlham Əliyev İran Prezidentinin Tehranda keçiriləcək Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünə dəvətini qəbul edərək, buna görə minnətdarlığını bildirib. İran Prezidentinin fikirləri ilə razılığını ifadə edən dövlət başçısı Bakıda keçirilən birinci üçtərəfli görüşün əhəmiyyətinə toxunaraq Azərbaycanın bu əməkdaşlığa fəal surətdə öz töhfəsini verdiyini deyib.
Dövlət başçısı Şimal-Cənub layihəsinə toxunaraq qeyd edib ki, Azərbaycan bu layihənin fəal iştirakçısıdır. Prezident İlham Əliyev ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.
Azərbaycan-İran iqtisadi əlaqələrindən danışan dövlət başçısı bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev ölkəmizdə Ordubad su elektrik stansiyasının, həmçinin “İran Xodro” avtomobil zavodunun, əczaçılıq zavodunun inşasını iqtisadi əməkdaşlığımızın genişlənməsi baxımından yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bildirib ki, İranın Azərbaycana investisiya qoyuluşu sahəsində də əməkdaşlıq üçün yaxşı imkanlar var. Azərbaycan Prezidenti qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirib, investisiya qoyuluşu sahəsində də səylərin gücləndirilməsinin zəruriliyini qeyd edib.
Prezident İlham Əliyev terrorizmin region üçün yaratdığı təhlükəyə toxunaraq deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəni vacib sayır və bu sahədə birgə əməkdaşlıq etməyə böyük önəm verir.
Prezident İlham Əliyev İran Prezidentini onun üçün münasib olan vaxtda ölkəmizə səfərə dəvət edib.
İran Prezidenti dəvətə görə minnətdarlığını bildirib.