Prezident İlham Əliyev “EXPO 2017 Astana” sərgisində Azərbaycan və Qazaxıstan pavilyonları ilə tanış olub

Prezident İlham Əliyev “EXPO 2017 Astana” sərgisində Azərbaycan və Qazaxıstan pavilyonları ilə tanış olub backend

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

Qaziler.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, “EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verib.

Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır.

Dövlət başçısı əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, “EXPO 2017 Astana” sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur.

Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış olub. Prezident İlham Əliyev “Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib.

Sonra Prezident İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazıb.
Diaspora