"Xankəndi" gəmisinin tikintisi Azərbaycanın gücünü göstərir.
Qaziler.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, Azərbaycanda, Bakıda bu nəhəng gəmi inşa edilib, bu gəmiyə “Xankəndi” adı verilibdir. Bunun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir və Xankəndinin adı bizim üçün əziz, doğmadır. Təsadüfi deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə məhz bu ad verilmişdir. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər.
Bu gəminin tikintisi, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə Gəmiqayırma Zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi, həmçinin onu göstərir ki, elə bir gəmi yoxdur ki, Gəmiqayırma Zavodunda inşa edə bilməyək. Hazırda 4 yeni gəmi tikilir – ikisi bərə, ikisi bərə”.
İlham Əliyev vurğulayıb ki, "Xankəndi" gəmisinin tikintisi haradasa 400 milyon dollara yaxın vəsaitə başa gəlib: "Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənməsində bu gəminin əvəzedilməz xidməti olacaqdır. Mənə bu gün verilən məlumata görə, dünyada bu tip gəmidən cəmi 10 gəmi var. Onlardan biri də Azərbaycandadır, Azərbaycanda tikilib və bu gəminin istismarında əksər heyət Azərbaycan mütəxəssisləridir. Yəni bu gəminin tikintisi zamanı treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də əksər heyət yerli kadrlardır.
Bir daha demək istəyirəm ki, bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. “Şahdəniz” qaz yatağının işlənməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. İndi mənə məlumat verilir ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq səviyyəsi 96 faizdir. Bununla da demək olar ki, bu layihə artıq reallaşıb. Və bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil".
Prezident bildirib ki, Azərbaycan tərəfi bütün bu işləri ardıcıl şəkildə aparır, sərmayə qoyur və xarici tərəfdaşlarla işlər düzgün qurulub: "Platformalar, üzən qurğular Azərbaycanda istehsal edilir. Belə nəhəng gəmilər, Səngəçal treminalı, neft-qaz kəmərləri, kompleks şəkildə Azərbaycanın neft-qaz sektoruna böyük sərmayə qoyulub. Düşünülmüş, planlı şəkildə. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm də SOCAR şirkətlərinin birgə fəaliyyətlərini qeyd etməliyik. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər bir reallıqdır".
Dövlət başçısı Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirib: "Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Nəqliyyat-energetika infrastrukturumuzun ümumi inkişafı ölkəmizin inkişafına böyük töhfə verir.
Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli" yatağı üzrə yeni müqavilənin imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda bəzi bizi istəməyən qüvvələr, həm ölkə daxilində, həm də xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, "Azəri-Çıraq-Günəşli"də neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, bu kəmər boş qalacaq. İndi biz 20 ildir ki, "Azəri-Çıraq-Günəşli"də neft-qaz hasil edirik. 1997-ci ildən hasilat başlamışdır və 20 ildən sonra yeni müqavilə imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşli"dən neft lazımi səviyyədə hasil ediləcək. Bu həm də o bədbin, qərəzli fikirlərə bir cavabdır. Eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var".
İlham Əliyev əlavə edib: "Şahdəniz" yatağına gəldikdə isə bu yatağın minumum ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Ən azı, bundan sonra 100 il ərzində Azərbaycan özünü və bir çox ölkələri təbii qazla təmin edəcək.
Mən bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gəminin tikintisində iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri təbrik etmək, onlara minnətdarlıq etmək istəyirəm. Və əmin olduğumu bildirmək istəyirəm ki, "Xankəndi" gəmisi "Şahdəniz" yatağının işlənməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə öz töhfəsini verəcək".