Prezident İlham Əliyev sentyabrın 5-də Gürcüstan baş nazirinin müavini - xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirib və bunun regional əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. O, formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident qeyd edib ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlət başçısı ümumilikdə əlaqələrin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.M. Canelidze ilk növbədə ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu söyləyib. İkitərəfli əlaqələrin fəal sürətdə inkişaf etdiyini vurğulayan M. Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu nəzərə çatdırıb. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirib.
Görüşdə ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.