Donald Trampın 2015 və 2016-cı illərdə prezident kampaniyasıyla eyni vaxtda onun «Trump Organization» şirkəti Moskvada «Trump Tower» (Trump Qülləsi) tikmək barədə danışıqlar aparırdı. Bunu Trampın vəkili Konqresdəki təhqiqatçılara məktubunda yazıb və bu haqda avqustun 28-də ABŞ mediası xəbər yayıb.
O zaman «Trump Organization»ın baş müşaviri olmuş Maykl Koen Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə iki səhifəlik bəyanatında yazıb ki, həmin sövdələşmə «niyyət məktubu» səviyyəsinə çatıb, ancaq bir sıra biznes səbəbləri ucbatından sona çatdırılmayıb. «The Associated Press», «The New York Times», «ABC News» və digər media qurumları bu bəyanatın surətini əldə etdiklərini bildiriblər.
Medianın yazdığına görə, Koen deyib ki, Moskvadakı «Trump Tower» razılaşmasının Trampın prezidentlik kampaniyasına dəxli olmayıb. Ancaq o, şəxsən bu barədə Trampa «üç halda» danışdığını bildirib. 2015-ci ilin oktyabrında Tramp hotel kompleksinin tikilməsiylə bağlı niyyət məktubunu imzalayıb.
Maykl Koen Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskova elektron məktub da yazdığını da deyib, ondan razılaşmaya kömək istəyib. Bu məsləhəti isə ona Kremllə dərin əlaqələri olduğunu iddia edən Felix Sater verib. Felix Sater rusiyalı kriminal avtoritetin oğludur, iki dəfə həbs olunub və Amerikadakı “rus mafiyası”nın adamı hesab edilir.
Xəbər verildiyi kimi Senatın Kəşfiyyat Komitəsi, eləcə də Konqresin bir neçə paneli Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini, Rusiyayla Tramp kampaniyası arasında əlaqə olub –olmadığını araşdırır.
Koenin açıqlaması haqda məlumatlara «Trump Organization» şirkətindən münasibət gəlib, şirkət 2015-ci ilin oktyabrında Moskvanın «IC Expert Investment Co.» şirkətiylə Moskvada «Trump Tower» tikintisinə dair niyyət məktubunun imzalandığını təsdiqləyib. Şirkət onu da bildirib ki, lisenziya sövdələşməsi çox irəli getmədiyi üçün ondan əl çəkilib, danışıqlarda tikintinin yeri, yaxud maliyyəsi götür-qoy olunmayıb. Məlumata görə, sövdələşmə çərçivəsində Tramp hər hansı ödəniş almayıb.
«Aydın desək, «Trump Organization»ın Rusiyada heç vaxt daşınmaz əmlak holdinqləri, yaxud maraqları olmayıb», – açıqlamada vurğulanır.
Moskvada «Trump Tower» tikintisiylə bağlı niyyət məktubunun imzalanması haqda ilk dəfə avqustun 27-də «The Washington Post» qəzeti yazmışdı. «The New York Times» isə avqustun 28-də Feliks Sater barədə məlumat yayıb. Qəzetin iddiasına görə, o, bir elektron məktubda lovğalanıbmış ki, daşınmaz əmlak sövdələşməsi Trampın seçilməyinə kömək edə bilər.
«Bizim oğlan ABŞ-ın prezidenti ola, bunu təşkil edə bilərik. Putinin bütün komandasının buna razılığını alacağam, bu prosesi idarə edəcəyəm», – o, Koenəməktubunda yazıb.
Rusiyalı mühacir olan F.Sater deyirmiş ki, «Trump Tower» razılaşmasının maliyyələşdirilməsinə dair «VTB Bank»la razılığa gəlib. Həmin bank Moskvanın Ukraynaya təcavüzünə görə ABŞ sanksiyalarına məruz qalıb. F.Sater Moskvada lentkəsmə mərasimi də nəzərdə tuturmuş: «Putini bu proqrama cəlb edəcəyəm, biz Donaldı seçdirəcəyik».
Media Koenin iki səhifəlik bəyanatına istinadla yazır ki, o, Saterin tövsiyəsiylə Peskova elektron məktub göndərib, «çünki bu təklifə Rusiya hökuməti daxilindən dəstək lazım idi». Kohen bu məktuba hansısa cavab aldığını xatırlamadığını yazıb. O, mətbuata açıqlamasında Saterin Kremlin dəstəyini qazanmaqla bağlı iddialarını təkzib edib. Deyib ki, Sater «bəzən rəngli dildən faydalanıb, alverə meylli olub».
Onun sözlərinə görə, «Trump Organization» bütün dünyada tikinti aparmaqdan ötrü dəbdəbəli otellər, ofis kompleksləri, birgə mülkiyyətçilik təklifləri alıb. O, Moskva sövdələşməsinin «Trump Organization»a uyğun olub-olmadığını araşdırmaq üçün məsələyə diqqətlə yanaşdığını, şirkətin razılaşmanın maliyyələşdirilməsinə dair ilkin danışıqlar apardığını vurğulayıb.
Bu həmin Feliks Saterdir ki, 1993-cü ildə Amerika barlarından birində dava saldığı üçü həbs olunub. Daha sonra Amerika istehsalı olan zenit raketini Orta Asiya ölkələrindən birinə satmağa cəhd edərkən polisin diqqətini cəlb edib. 1998-ci ildə isə Sateri birja oyunçuları arasında fırıldaqçı sxem quraraq 40 milyon dollar oğurlamaqda ittiham edirdilər. Daha sonra Feliks Sater Moskvada inşaat piramidası quran Sergey Polonskinin “Mirax Group” şirkətinin idarə heyətinə daxil olub. Polonski hazırda tikinti dələduzluğuna görə həbsdədir, Sater isə həbsdən yaxasını qurtara bilib.
Donald Trampın Feliks Saterlə əlaqəsi ilk dəfə 2013-cü ildə açıqlanmışdı. Həmin il milyarder “Trump SoHo” göydələnindən apartamentlərin satışı ilə bağlı şikayətin araşdırılması çərçivəsində ifadə verib. Şikayətçilər bildirirdi ki, binada Trampın adının olduğunu görüb mənzil alıblar. Ancaq məlum olub ki, onun layihədə payı cəmi 10 faizdir. Qalanı isə qazaxıstanlı milyarder-mafioz Tefik Arifova və Feliks Saterə (“Bayrock Group”) məxsusdur. O vaxt Tramp ifadəsində bildirmişdi ki, “Bayrocsk Group”u layihəyə yaxın dostu Tefik Arifov cəlb edib, Sateri isə tanımır. Lakin daha sonra ABC telekanalı üzə çıxarmışdı ki, Feliks Sater Trampın baş müşaviridir. Layihəyə pullar isə rusiyalı oliqarxlardan daxil ola bilərdi.
Koenin və Saterin elektron məktublarının açıqlanması Tram-Rusiya qalmaqalını daha da qızışdırıb. Çünki bu, Trampın Rusiyaya bağlılığı haqda şübhələri dərinləşdirir.