Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər. Bundan əlavə, məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb.Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.
Yenə də Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb.