“Ollandın səfəri sübut etdi ki, Fransa bölgədə maraqlarından geri durmaq niyyətində deyil və Azərbaycanın itirilməsi onlar üçün bir təhlükə siqnalıdır”.
Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, görünür, Fransa Qarabağ məsələsinin həlli üçün danışıqların növbəti raundunu hazırlamaq təşəbbüsünə yiyələnmək istəyir:“Fransa prezidentinin məlum açıqlamalarını ermənilərin gələcək iddialarına dəstək sayanlar Bakıya səfərin sonrasında mediaya ayrı aspektli məqalələr çıxardılar. Ancaq əsas təhlillərin nüvəsində Azərbaycanı itirməmək istəyi dururdu. Görünür, bu məsələ elə səfər zamanı razılaşdırılıb və Fransa Dağlıq Qarabağ probleminin həlli üçün danışıqların növbəti raundunu hazırlamaq təşəbbüsünə yiyələnmək istəyir. Bu da başadüşüləndir, çünki Rusiya ilə çox ciddi konfrantasiya gedir. İrəvanda yan-yana dayanmaqlarına baxmayaraq, bu, Qərblə şimal qonşumuzun münasibətlərini düzəltmək gücündə deyil. Qarabağ məsələsi Qərbin Rusiya ilə davasının tərkib hissəsidir. Danışıqların Parisdə keçirilməsi gələcək dövr üçün Avropa və ABŞ-ın Qarabağ məsələsi üzrə siyasətini qabarda bilər. Biz heç bir zaman arzulamırıq ki, Azərbaycanın ərazi bütövlüyü problemi Ukrayna məsələsi kimi Qərblə Rusiya davasının əsas nüvəsində olsun. Danışıqlara gedilirsə, bu o deməkdir ki, müəyyən sənədlər üzərində işlər aparılır və prezidentlərin növbəti görüşü hazırlanacaq. Çox ehtimal ki, bundan sonrakı danışıqlar məhz Parisdə Ollandın iştirakı, iki dövlət başçısının vasitəçiliyi və həmsədrlərin birgə iştirakı keçiriləcək”.
Z.Oruc bildirib ki, Putinin İrəvan səfərinin 20 gün ləngiməsi və bunun Rusiya əleyhinə necə çevriləcəyi öncədən hesablanmış bir addımdır:
“Rusiya prezidenti İrəvanda tamam fərqli bir çıxış edərək açıq şəkildə nə Türkiyənin əleyhinə, nə də Azərbaycanın ziyanına qəti bir fikir söylədi. Putin 20 gün ərzində İrəvana səfəri üzərində sual işarəsi yaratmaqla bunun bütün informasiya məkanında Rusiya əleyhinə necə çevriləcəyini hesablamışdı. Türkiyəni İrəvan üzərindən qınamaq, Qafqazdakı mövqeyinə zərbə vurmaq, mövcud müharibəni gündəmə gətirmək kimi bir davranış və Ermənistanın iddialarını gücləndirmək mövqelərini tutmadı. İndi Azərbaycanın bu məsələni əldə əsas götürüb, Rusiya və Fransaya görə gündəliyə etirazlar çıxarması, onların təşəbbüsü ilə keçirilən danışıqlardan imtina etməsi maraqlarımıza uygun olmazdı. Azərbaycan daha fərqli bir siyasət üzərindədir. Xarici işlər nazirləri səviyyəsində danışıqlar artıq Fransanın təşəbbüsü deməkdir. Görünür, Qarabağ prosesində Avropanın maraqlarını ifadə edərək önə çıxmaq istəyirlər”.