Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, V.Ələsgərov qonaqları salamlayaraq, səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına ümidini bildirib.BMT-nin keçmiş Baş katibi Pan Gi Mun səmimi görüşə görə minnətdarlığını söyləyib. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini bildirib. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə edib.
Pan Gi Mun bildirib ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin Baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir edib və təşəkkürünü bildirib.
Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu söyləyib. Bu müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb, əldə edilən nailiyyətləri yüksək dəyərləndirib. O, ölkə başçısı İlham Əliyevin, Milli Məclisin Sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini açıqlayıb.
V.Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransını böyük hadisə adlandırıb. Diqqətə çatdırılıb ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, Konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq, bildirib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Koreya Respublikası Milli Assambleyasının deputatları, bu ölkənin Azərbaycandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.