Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyasını tənqid edib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, Z. Qabriel “Redaktionsnetzwerk Deutschland” nəşr qrupuna müsahibəsində deyib ki, şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.Bununla belə, Almaniya xarici işlər naziri qarşıdurmanın gərginləşməsinə görə əsas məsuliyyətin Şimali Koreya lideri Kim Çen Inın üzərində olduğunu vurğulayıb. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi “mümkün qədər az təhrikedici formada” keçirməyə çağırıb: “Əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər”.
Almaniya xarici işlər naziri Rusiya və Çini Pxenyana təzyiqləri artırmağa da çağırıb: “Qonşu ölkələrin Şimali Koreyanın ağılsız hərəkətlərindən qorunmaq üçün nüvə silahları ilə silahlanması Çinin maraqlarına uyğun ola bilməz”.