Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.Bildirilib ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib.
Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərə dəstək baxımından regionlarda həyata keçirilən bu cür layihələr bir daha əminlik yaradır ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir və onun gələcəyi parlaqdır.