Bakıda Mərakeşin milli bayramı - kral VI Məhəmmədin taxt-taca çıxması günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan və Mərakeşin milli himnləri səsləndirilib.
Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu tarixin krallıq üçün çox önəmli olduğunu deyərək son illər ərzində ölkəsində çox mühüm tədbirlər keçirildiyini bildirib: "Mərakeş şəhərində iqlim dəyişikliyi ilə əlaqədar COP22 konfransı keçirilib. Tədbirdə 196 ölkədən 30 mindən çox insan iştirak edib. Eyni zamanda Mərakeş Afrika Birliyinə qayıdıb. Bu da bizim üçün çox emosional bir hadisədir".
O, Azərbaycanla əlaqələrə toxunaraq iki ölkə arasında bu günə qədər həyata keçirilən yüksək səviyyəli səfərləri yada salıb və onların vacibliyini vurğulayıb: "Azərbaycan Sahara məsələsində Mərakeşin mövqeyini dəstəkləyir. Mərakeş də Dağlıq Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələri tam dəstəkləyir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan hökuməti adından səfiri və Mərakeş xalqını bu bayram münasibətilə təbrik edib. O, Azərbaycanla Mərakeş arasında bir çox sahələrdə sıx əlaqələrin mövcud olduğunu bildirib. M.Qurbanlı Azərbaycanla Mərakeş arasında ticarət dövriyyəsinin son illərdə nə az, nə çox düz 50 dəfə artdığını bildirib. Dövlət Komitəsinin sədri Mərakeş yığmasının Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdiyini qeyd edib.
Sonda Mərakeş səfirliyi ilə sıx əməkdaşlıq edən qurumlar və şəxslər səfirin xüsusi fərmanlarla təltif edilib. Mükafatlanan qurumlar arasında "Report" İnformasiya Agentliyi də yer alıb.