ABŞ Prezidenti Donald Trampın Şimali Koreya mövzusunda heç bir şey etməməsi ilə bağlı mesajına Çinin cavabı gecikmədi.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Çinin ticarət nazirinin köməkçisi Qian Keminq Şimali Koreyanın raket sınaqları ilə ABŞ-Çin kommersiya münasibətlərinin iki ayrı mövzu olduğunu və birlikdə müzakirə edilməməsi lazım gəldiyini söyləyib.
Digər tərəfdən, ABŞ-ın Birləşmiş Millətlər Təşkilarındakı (BMT) daimi təmsilçisi Nikki Haley Yaponiya, Çin və Cənubi Koreyanı Şimali Koreyaya qarşı sanksiyaları artırmağa çağırıb. O, yazılı açıqlamasında Şimali Koreya üzərindəki beynəlxalq təzyiqi artırmayan bir BMT qətnaməsinin heç bir dəyərinin olmadığını bəyan edib:
“Nəhəng dövlətlərin neytral mövqeyi Şimali Koreya diktatoruna beynəlxalq toplumun onunla qarşı-qarşıya gəlməyə könülsüz olduğu mesajını verir. Çin bu həyati addımı atmağa könüllü olub-olmadığına artıq qərar verməlidir. Çünki, danışılacaq heç bir mövzu qalmayıb”.
Qeyd edək ki, ötən gün Donald Tramp Şimali Koreyanın raket sınaqları keçirməsinə Çinin hər hansı münasibət bildirməməsini sərt tənqid etmiş və Çinin ona xəyal qırıqlığı yaşatdığını demişdi.