Prezident İlham Əliyevin tövsiyəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olublar.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və digər qurumların təşəbbüsü ilə Azərbaycanda xarici ölkələrdən dəvət olunan gənclərin yay və qış məktəblərinin təşkil edildiyini xatırladaraq, Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışıb. O, yay məktəbinin iştirakçılarına DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib.
Mübariz Qurbanlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb. O, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər haqqında söhbət açıb. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə mənsub olduğunu bildirən komitə sədri ölkəmizdə xristian, yəhudi icmalarının da fəaliyyət göstərdiklərini vurğulayıb. M.Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi ölkədir və burada müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalqımız onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşır. Eyni zamanda, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərilir.
Komitə sədri görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb.
M.Qurbanlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarının Azərbaycan haqqında yüksək təəssüratlarla ölkələrinə qayıdacaqlarına inandığını qeyd edib.