Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq backend

Rusiya Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan görüşünün əsas təşkilatçısı olacaq.


APA-nın məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Moskva bu məsələdə əsas vasitəçi olacaq. Belə ki, ATƏT-in Minsk qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib", - deyə məlumatda bildirilir.

Mənbə qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan liderlərini danışıqlar masası arxasına dəvət edib, lakin nəticəsi olmayıb.

"Bununla belə, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bu baxımdan regionda irimiqyaslı müharibə baş verməyib. Lakin tərəflərin məqsədi və baxışları hələ də fərqli olaraq qalır", - deyə nəşr mənbəyə istinadən yazır.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora