İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib.
Milli Məclisdən APA-ya bildirilib ki, bəyanatda bu il iyulun 4-də Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı qız Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri şiddətlə qınanılır.
Sənəddə İƏTPİ-nin Baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.