Türkiyə səfiri İlham Əliyevə təşəkkür etdi

Türkiyə səfiri İlham Əliyevə təşəkkür etdi backend

Beynəlxalq Dialoq və İnkişaf Alyansı Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə əlaqədar olaraq “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” adlı tədbir keçirib.

Axar.az xəbər verir ki, “Park İnn Hotel”də baş tutan tətbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkə səfirləri, universitet rektorları, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl 15 iyul şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral çıxışında 15 iyul gecəsi türk xalqının birlik, bərabərlik nümayiş etdirdiyini deyib:

“15 iyul hadisələrini Fətullah Gülənin təşkil etdiyi hər kəsə məlumdur. Bu şəxslər özlərinin qızıl nəsil olduğuna inanırlar. Onlar təşkilatın qazancı üçün hər cür qanun pozuntusuna yol veriblər. Türk hökuməti FETÖ ilə mübarizəyə hələ 15 iyuldan əvvəl başlayıb.

Bu təşkilat təkcə Türkiyədə yox, bir çox ölkədə təşkilatlanıb. Türkiyədən sonra onların hədəfi başqa ölkələri də ələ keçirməkdir. Bu təşkilatın ölkəmizə verdiyi zərərin qarşısı alınıb. Son 1 ildə iqtisadiyyatımız böyüyüb və bir sıra uğurlara imza atmışıq.

Hərbi çevrilişə cəhd zamanı Azəbaycan bizə ən çox dəstək verən ölkə olub. Başda Prezident İlham Əliyev olmaqla, bütün rəhbərliyə bu günə qədər bizə göstərdiyi dəstək və yardımlarından dolayı təşəkkürümüzü bildirirəm. Biz hər zaman iki dövlət, bir millətik!”

Çıxışdan sonra 15 iyulda baş verən hadisələrlə bağlı videoçarx təqdim olunub.
Diaspora