15 iyulda xalqımız demokratiya dastanı yazdı. Həmin gecə terror təşkilatı məğlub oldu, demokratiya qələbə qazandı.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 12-də Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında "15 iyul - milli iradə qələbəsinin təhlili" kitabının təqdimat mərasimində Türkiyənin Baş naziri Binali Yıldırım deyib.Baş nazir qeyd edib ki, demokratiyaya qarşı həyata keçirilən bütün çevriliş cəhdlərini və 15 iyul dövlət çevrilişi cəhdini şiddətlə qınayır və lənətləyirik. 15 iyulda xalqımız demokratiya dastanı yazdı. Həmin gecə terror təşkilatı məğlub oldu, demokratiya qələbə çaldı. Həmin qaranlıq gecəni işıqlandıran şəhidlərimizi dərin ehtiramla anırıq. Şəhidlərimizin əmanəti əmanətimizdir və onu qorumaq namus borcumuzdur.
"Həmin gecə vətəndaşlarımız küçələrə axışaraq meydanları doldurdu. Ailələrimiz öz uşaqlarının gələcəyi üçün Türkiyəyə sahib çıxdı. Öz Prezidentinə inam və demokratiyanı qorumaq istəyi vətəndaşlarımızı küçələrə çıxmağa vadar etdi. Xalqımız tanklara, toplara qarşı imanın gücü ilə müqavimət göstərdi. Xalqımız ölkəsinə, demokratiyaya və gələcəyinə sahib çıxdı", - deyə B.Yıldırım bildirib.
“Biz bu Vətəni namərdlərdən qoruyacağıq”, - deyən Baş nazir bildirib ki, rəngini şəhidlərimizin qanından alan al bayrağımız heç vaxt enməyəcək. Heç bir terror təşkilatı birliyimizə, bərabərliyimizə və qardaşlığımıza xələl gətirə bilməyəcək. Bundan sonra bu əziz millətimizin iradəsini heç kim qıra bilməyəcək. Ölkəmizi, vətənimizi heç kimə təslim etmədik və gələcəyimizi də xainlərə təslim etməyəcəyik. Xainlər xəyanətin hesabını verəcəklər. Bütün günahkarların cəzası veriləcək. Biz isə inamla yolumuza davam edəcəyik.