Fransanın “Radio Courtoisie” radiosunda kiçik Zəhradan danışılıb

Fransanın “Radio Courtoisie” radiosunda kiçik Zəhradan danışılıb backend

AZƏRTAC-ın Fransadakı müxbiri bu ölkənin “Radio Courtoisie” radiosunda erməni silahlı bölmələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və nənəsinin həlak olması haqqında məlumat verib.


Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, qonşu ölkələrdə yaşayan ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsindən söz açılıb. Keçən əsrdə azərbaycanlıların öz doğma yurdlarından dəfələrlə deportasiya edildiyi diqqətə çatdırılıb. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyü vurğulanıb.

ATƏT-in Minsk qrupu barədə danışılıb, Ermənistanın mövcud status kvonun saxlanılmasında maraqlı olduğu deyilib. Bildirilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu məqsədlə 2016-cı ilin dekabrında “Sülh platforması” yaradılıb, ancaq erməni tərəfi bu platformaya da maneələr törətdir.

Qeyd edək ki, “Radio Courtoisie”nin səkkiz yüz mindən çox dinləyicisi var.


Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris
Diaspora