ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, müzakirədə çıxış edən T. Mirkişili multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirilməsinin vacibliyini bildirib. Azərbaycanın bu sahədə böyük təcrübəsi olduğunu söyləyən və Bakı Humanitar Forumunun deklarasiyalarından bəhs edən deputat qəbul ediləcək qətnamə layihəsinin ATƏT regionunda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırıb. Çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu deyiblər.Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunub.
Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.