Azərbaycan tərəfinin, xüsusilə də Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan yenə də hərbi təcavüzlə cavab verir. Aydın görünür ki, Ermənistan tərəfinin təcavüzkar hərəkətləri mülki əhaliyə qarşı yönəlib. Cəbhə bölgəsində körpə qızın qətli bizi çox kədərləndirir.
Milli.Az bildirir ki, bu sözləri fransalı vəkil Olivye Pardo Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən AZƏRTAC-a müsahibəsində deyib.
O.Pardo bildirib ki, iyulun 4-də Alxanlıda baş verən qanlı hadisə ona Xocalı faciəsini xatırladıb. Faciədən 25 ildən artıq vaxt keçsə də, dünən baş verən hadisə göstərir ki, Ermənistan tərəfi uşaqları qətlə yetirmək ənənəsini davam etdirir. Artıq bütün dünya bu cinayətləri görməlidir.
"Mən bu hadisədən sonra Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın da münaqişənin həllində daha fəal iştirak edəcəyini gözləyirəm. Biz təcavüzkarla təcavüzə məruz qalanı aydın göstərməliyik. Qurbanların ailə üzvlərinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - O.Pardo əlavə edib.