"BMT Təhlükəsizslik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış tarixi ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir davam edir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir: "Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Biz işğaldan əziyyət çəkirik, ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz doğma yurdlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləmədən, artıq dünyanın 10-dan artıq ölkəsi tərəfindən tanınan və tanınma prosesi davam edən Xocalı soyqırımından əziyyət çəkirik. Ərazi bütövlüyü beynəlxalq qanunun fundamental prinsipidir. Bu, BMT-nin Nizamnaməsində də təsbit olunub, bu, beynəlxalq qanunun ən vacib elementlərindən biridir və Helsinki Yekun Aktında müəyyən edildiyi kimi çox aydın şəkildə göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və heç bir ölkənin ərazi bütövlüyü həmin ölkənin hökumətinin və xalqının razılığı olmadan dəyişə bilməz".Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanın da ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.
İlham Əliyev təəssüflə qeyd edib ki, dünyada separatizm, aqressiv sepatarizm siyasəti davam edir və ərazi bütövlüyünün pozulması münaqişələrə səbəb olur: "Əgər Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik".
Prezidentin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanun normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinin tərəfdarıdır: "Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı kimi digər mühüm beynəlxalq təşkilatlar eyni qətnamələr qəbul edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq qanun psinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tampalıdır".