14-17 sentyabr 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır.
Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.
QAZİLƏR.AZ Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, adətən, bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxs təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir:
"Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq. Gənclər və idman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları da Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq".