KİV nümayəndələrinə kurslar keçiriləcək

KİV nümayəndələrinə  kurslar keçiriləcək backend

İyunun 13-dən 19-dək “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətlı elmi maarifləndirmə və təbliğat kursları keçirəcək.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində keçiriləcək kurslarda “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları: DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, “Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)”, “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)”, “Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində”, “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzularında mühazirələr dinləniləcək. Mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar.

Kursların sonunda dinləyicilərə sertifikatlar təqdim ediləcək.
Diaspora